Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Azərbaycan Prezidenti hər zaman ədaləti və beynəlxalq hüququ müdafiə edib”

Gülər Sultanzadə: “Azərbaycan Prezidenti hər zaman ədaləti və beynəlxalq hüququ müdafiə edib”


7-07-2023, 11:36. Yazar: sevinc1
Gülər Sultanzadə: “Azərbaycan Prezidenti hər zaman ədaləti və beynəlxalq hüququ müdafiə edib”

“Tarixi “Bandunq prinsipləri”nin əsasını təşkil edən davranış normaları dövlətimizin xarici siyasətinə tam uyğun olduğuna görə Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Qısa müddət ərzində ölkəmizin təşkilatın tərkibində olan fəallığı, Hərəkatın dünyada nüfuzunun yüksəlməsinə səbəb olan təşəbbüsləri Azərbaycana digər üzv ölkələrin hörmətini və etimadını qazandırdı. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu. Hərəkata sədrlik etdiyi dövrdə Azərbaycan mütəmadi olaraq mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin hər biri üzv ölkələrin maraqlarını təmin etməklə yanaşı təşkilatın dünyada nüfuzunun artmasına xidmət edib. Məhz elə bu səbəbdən də Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə Azərbaycanın Təşkilata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb. Ölkəmizin Qoşulmama Hərəkatının Sədri kimi pandemiya dövründə fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Həmin dövrdə Qoşulmama Hərəkatı ilk növbədə pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü irəli sürdü. 2020-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısında məlumat bazası hazırlanmsı məqsədilə İşçi Qrupunun yaradılması qərara alındı. Az sonra bütün dünya bu təşəbbüsün böyük əhəmiyyətinin şahidi oldu. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz sözügedən məlumat bazasına istinad edirdi. Daha sonra Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında keçirilmiş tədbirdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanaraq, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Bununla da Hərəkatın artan nüfuzu və məsuliyyəti bir daha nümayiş etdirildi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Daha sonra partiya fəalı Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilmiş “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə etdiyi çıxışında yer almış fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Qoşulmama Hərəkatının nazirlər görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi son dərəcə vacib məqamlara toxundu. Qeyd olunmalıdır ki, möhtərəm dövlət başçımız dünyanın istənilən bir ölkəsində, istənilən beynəlxalq təşkilatın keçirdiyi ən mötəbər tədbirlərdə iştirakı zamanı daim prinsipial mövqelərdən çıxış edib və öz çıxışlarında hər zaman həqiqəti, ədaləti, beynəlxalq hüququ müdafiə edib. Lakin çox təəssüf ki, müasir dünya getdikcə bu ümumbəşəri prinsiplərdən daha çox uzaqlaşır. Güclü dövlətlər beynəlxalq hüquqa yalnız öz maraq və mənafeləri bunu tələb etdiyi hallarda əməl edirlər. Onların bu mənafeləri isə nisbətən zəif ölkələrin milli maraqları ilə getdikcə daha çox ziddiyyət təşkil edir. O cümlədən Avropa və dünya liderliyinə iddialı olan Fransanın müstəmləkə asılılığından nisbətən yeni azad olmuş, gənc və hələ zəif ölkələri özündən iqtisadi və hərbi cəhətdən asılı vəziyyətə gətirməklə tabeliyə və istismara davam etmək üçün çoxsaylı səylər göstərməsi də Fransa hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən olaraq qalır. Hər zaman olduğu kimi, bu dəfə də prinsipial mövqe nümayiş etdirən cənab Prezident İlham Əliyev Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu birmənalı vurğuladı. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədiyini bir daha bəyan etdi. Eyni zamanda dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə, həmçinin Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Bəli, bu gün dünyaya demokratiya dərsi deməyə aludə olanların artıq özlərinin dərs alma vaxtıdır. Yalnız bu yolla, yalnız birlik, qətiyyət və prinsipiallıq nümayiş etdirməklə inkişaf etməkdə olan ölkələr dünya nəhəngləri qarşısında duruş gətirə, öz milli mənafelərini təmin edə bilərlər”.

Öz fikirlərini davam etdirən G.Sultanzadə bu gün BMT strukturlarında əsaslı islahatların keçirilməsinin də yeni dünya düzəninin məhz ədalətli əsaslar üzərində formalaşmasına mühüm töhfə ola biləcəyini bildirib: “Fransa Prezidentinin xüsusilə son dövrlərdə səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlar, Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir. Heç bir şübhə ola bilməz ki, bu çıxışlar Makronun seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisinin sifarişlərinin icrası kimi qiymətləndirilməlidir. Emmanuel Makronun keçmiş Minsk Qrupunun həmsədri olmasına rəğmən Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu nəzərə alsaq, onun son bəyanatları da təəccüb doğurmamalıdır. Yeri gəlmişkən son vaxtlar bütün dünyada cərəyan edən proseslər bunu deməyə əsas verir ki, Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası artıq öz funksiyalarını həyata keçirmək qabiliyyətini itirib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. Buna görə də bu Təşkilatın strukturlarında və ilk növbədə əlbəttə ki, keçmişin qalığı olan BMT Təhlükəsizlik Şurasında ciddi islahatlar aparılmalıdır. Azərbaycan bu dəfə də təşəbbüs göstərərək Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsi təklifini irəli sürdü. Möhtərəm dövlət başçımız konkret olaraq bildirdi ki, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Əlbəttə ki, bu tələblər tamamilə haqlıdır və BMT-də bu islahatların həyata keçirilməsi dünyanın daha ədalətli və daha demokratik olmasına güclü zəmin yaradacaq”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön