Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Fransanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü Makronun erməni terrorizminə dəstəyini gücləndirir”

Novruzəli Aslanov: “Fransanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü Makronun erməni terrorizminə dəstəyini gücləndirir”


7-07-2023, 09:34. Yazar: sevinc1
Novruzəli Aslanov: “Fransanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü Makronun erməni terrorizminə dəstəyini gücləndirir”

“Azərbaycan artıq uzun müddətdir ki, iştirak etdiyi ən müxtəlif beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi tanıtmış, üzvü olduğu qlobal təşkilatlarda digər üzv ölkələrin yüksək etibar və etimadını qazana bilmişdir. O cümlədən BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatında ölkəmizin mövqeyi və nüfuzu Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri kimi qeyd edilə bilər. Təşkilata sədrliyin 2019-cu ildə bütün üzvlərin yekdil qərarı ilə Azərbaycana verilməsi, həmçinin 2022-ci ildə bu səlahiyyətlərin yenidən 120 ölkənin yekdil qərarı ilə daha bir il müddətinə uzadılması ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi təşkilatın güclənməsi, nüfuzunun artması, üzv dövlətlərin maraq və mənafelərinin qorunması istiqamətində atdığı addımların yüksək qiymətləndirildiyindən xəbər verir. Həqiqətən də Azərbaycan bu təşkilata sədrlik etdiyi müddət ərzində cənab Prezident İlham Əliyev tərəfindən son dərəcə mühüm təşəbbüslər irəli sürülmüş və onların həyata keçirilməsi təmin olunmuşdur. Xüsusilə 2019-cu ildə bütün dünya ölkələrini faktiki olaraq iflic vəziyyətinə gətirmiş COVID-19 pandemiyası dövründə Qoşulmama Hərəkatı məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslər və atdığı konkret addımlar sayəsində demək olar ki, bu qlobal təhlükə ilə mübarizənin qərargah-mənzilinə çevrildi. İlk növbədə 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammitinin bir müddət sonra BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələnməsi, daha sonra Hərəkatın bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə qarşı güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi də Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyini təsdiq edən məqamlardır. Əlbəttə ki, görülən işlərlə heç zaman kifayətlənməyən Azərbaycan hələ o mərhələdə artıq postpandemiya dövrünün mümkün çağırışları və onların qarşılanması barədə düşünürdü. Artıq cari ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti uğurla təşkil edildi. Bütün pandemiya dövründə ehtiyacı olan ölkələrə yardım göstərməyi sədrliyinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi və ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı. Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olduğunu bir daha təsdiq edir.”

Bu fikirləri AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra Prezident İlham Əliyevin BMT strukturlarında islahatların aparılmasına dair etdiyi çağırışların tarixi əhəmiyyət daşıdığını vurğulayan deputat bu tələblərin yerinə yetiriləcəyi təqdirdə yeni dünya düzəninin daha ədalətli və demokratik əsaslar üzərində qurulmağa şans ala biləcəyini deyib: “Həqiqətən də bu gün Birləşmiş Millətlər Təşkilatı dünyada bir vaxtlar sahib olduğu lider mövqelərini və nüfuzunu sürətlə itirir. Planetin bir çox nöqtələrində yaşanan hərbi münaqişələr fonunda dünyada sülhün və ədalətin qorunması funksiyalarını həyata keçirməli olan BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi bu ali orqana olan inam və etimadı kəskin şəkildə aşağı salır. Dünyada güc amilinin getdikcə daha çox önə çıxması, ölkələrin və xalqların qarşılaşdıqları problemləri özlərinin həll etmək məcburiyyətində qalması BMT strukturlarında təcili və əsaslı islahatlara ehtiyac olduğunu deməyə əsas verir. Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında bu problemlə bağlı son dərəcə önəmli fikirlər səsləndirdi, konkret təkliflər irəli sürdü. Xüsusilə BMT Təhlükəsizlik Şurasının hazırkı reallıqları əks etdirmədiyini vurğulayan dövlətimizin başçısı bu orqanda daha çox ölkənin təmsil olunmasının və coğrafi baxımdan da obyektivliyin və ədalət prinsiplərinin təmin olunması üçün onun tərkibinin genişləndirilməsinin zəruriliyini qeyd etdi. Həe zaman Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsi üçün məqsədyönlü addımlar atan cənab Prezident İlham Əliyev həmçinin BMT Təhlükəsizlik Şurasında Hərəkata bir daimi yerin verilməsi tələbini də irəli sürdü. Eyni zamanda da dövlət başçısı Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrin BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalı olduqlarını vurğuladı. Etiraf olunmalıdır ki, bütün bu tələblər müasir dünyanı getdikcə daha çox bürüyən xaos və hərc-mərcliyin qarşısının alınması üçün real imkanlara çevrilə bilər. Məhz bu baxımdan cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Qoşulmama Hərəkatına üzv ölkələr üçün deyil, bütün dünya dövlətləri və xalqları üçün mühüm tarixi əhəmiyyət kəsb edir və beynəlxalq ictimaiyyət bu barədə ciddi şəkildə düşünməlidir.”

BMT Təhlükəsizlik Şurasının fəaliyyətilə bağlı fikirlərini davam etdirən N.Aslanov Fransanın tezliklə bu ali orqanı da erməni separatizminin və terrorizminin əlində bir alətə çevirə biləcəyinə dair əsaslı şübhələrin olduğunu qeyd edib: “Son otuz illik tarixə nəzər saldıqda ATƏT-in Minsk qrupunun iflasına və sonradan tamamilə yox olmasına məhz Fransanın ilk növbədə və daha çox səbəb olduğunu açıq-aydın görmək olar. Mahiyyət etibarı ilə keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün yaradılmış bu qurum çox qısa müddət ərzində məhz Fransanın səyləri nəticəsində sırf ermənipərəst bir təsista çevrildi. Qurumun atdığı bütün addımlar yalnız erməni təcavüakarlarının maraqlarına xidmət etməklə Azərbaycana qarşı idi. Fransa otuz il ərzində nəinki Azərbaycanın xeyrinə bircə qərarın belə təşəbbüskarı olmadı, əksinə bu ölkə heç vasitəçilik prinsiplərinə uyğun olaraq özünün bitərəfliyini də təmin etmədi. Nəticə göz qabağındadır. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin etdi, Minsk qrupu isə tarixə gömüldü. Bu gün Fransa artıq antiazərbaycan fəaliyyətini həm öz parlamenti səviyyəsində davam etdirir, həm də BMT strukturları, o cümlədən daimi üzvü olduğu Təhlükəsizlik Şurası vasitəsilə ölkəmizə müəyyən təsirlər etmək istəyir. Ümumiyyətlə Fransanın digər ölkələrin daxili işlərinə qarışmaq, dünyanın müxtəlif bölgələrində neokolonialist siyasətini davam etdirmək kimi mürtecə meylləri hər zaman olub və tarixin müxtəlif dövrlərində bu kimi meyllər dünya xalqlarına çox baha baş gəlib. Elə təkcə Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı zamanı 1,5 milyon insanın qətlə yetirilməsi Fransanın necə bir “demokratik” dövlət olduğu barədə aydın təsəvvür yaradır. Bu ölkədə bu gün cərəyan edən hadisələr də mahiyyət etibarı ilə elə də fərqli əsaslara malik deyil. Öz xalqının mənafelərini çoxdan erməni separatizminə qurban vermiş prezident Makronun siyasəti başqa nəticələrə gətirib çıxara da bilməz. Ölkəni bürümüş total irqçilik, dini dözümsüzlük və islamofobiya dövlətin bütün əsaslarını ciddi şəkildə sarsıdıb. Bütün bunlar belə deməyə əsas verir ki, Fransanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü bu ali orqanın da Makronun səyləri ilə erməni terrorizminin əlində bir alətə çevrilməsinə yol aça bilər. Məhz bu baxımdan da BMT strukturlarında ciddi islahatların aparıması bu günümüzün ən vacib tələblərindəndir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Geri dön