Ana Sayfa > Gündəm > Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması məhkəmə sisteminin inkişafına təkan verəcək
Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması məhkəmə sisteminin inkişafına təkan verəcək5-07-2023, 13:59. Yazar: sevinc1 |
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanınından sonra məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Hakimlərin iş yükünün azaldılması, işlərə operativ və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla hakim ştatlarının sayı 200 vahid artırılıb. Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi ilə bağlı hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı mütərəqqi tədbirlər həyata keçirilib. Dərinləşən məhkəmə islahatları müasir tələblərə uyğun məhkəmə sisteminin qurulmasına, ədalət mühakiməsinin səməliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının daha keyfiyyətli şəkildə müdafiəsinə əsaslı töhfə verib. Mühüm "yol xəritəsi" olan Fərmanın icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər bu gün də davam etdirilir. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması da bu islahatların uğurlu davamı kimi qiymətləndirilə bilər. Məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədi daşıyan bu dəyişiklikliyə əsasən, Şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılıb, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub. Eyni zamanda Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub. Məlum olduğu kimi, cari ilin iyun ayının 21-də keçirilən Azərbaycan Hakimlərinin Konfransında baş tutan açıq səsvermə yolu ilə Şuraya yeni üzvlər seçilib. İyunun 24-də Şuranın yeni tərkibdə keçirilən ilk iclasında isə Şura üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib. Məhkəmə sistemi qarşısında yeni çağırışlara uyğun olaraq həyata keçirilən bu mütərəqqi dəyişikliyin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə mühüm töhfə verəcəkdir. Habil Əhmədov Abşeron Rayon Məhkəməsinin hakimi aia.az Geri dön |