Ana Sayfa > Özəl > Ölməz hünər sahibi- Orxan Elxan oğlu

Ölməz hünər sahibi- Orxan Elxan oğlu


5-07-2023, 10:52. Yazar: sevinc1
Ölməz hünər sahibi- Orxan Elxan oğlu

Xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində sinəsini yanar od edib erməni dığaların bağrını çatladan minlərlə qəhrəmanlardan biri də Lənkəranda dünyaya göz açan Orxan Elxan oğlu Quluzadədir. Döyüş meydanında Vətən eşqi ilə döyünən ürəyi dayananda ömrünün 26-cı ilini yaşayırdı. Bu igidimiz adına can dediyi Azərbaycanın bütövlüyü uğrunda canını qurban verməklə əbədiyyət ulduzuna dönüb ürəklərə köçdü. Tarix yazan qəhrəman şəhid Lənkəran elində hər yerdə, hər zaman xalq tərəfindən sevgi dolu ürəklə xatırlanır, burada adı ilə bağlı olan bütün işlər layiqincə görülür. Böyük də, kiçik də deyir ki, Vətən, xoşbəxt gələcəyimiz naminə canından keçən Orxanla fəxr edirik, qürur duyuruq.

Şəhid Orxan Elxan oğlunun 29 yaşı tamam oldu. Bu münasibətlə mərasim keçirildi. Mərasimə qatılanlar- Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabit heyəti, yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsində oldular, qəhrəman övladımızın məzarını ziyarət etdilər, önünə gül dəstələri düzüb, xatirəsi önündə ehtiramla baş əydilər. Bu ehtiramı özlərinə mənəvi borc bilən çıxışçılar Vətən sevdalısı Orxanın keçdiyi şərəfli döyüş yoluna nəzər saldılar, onun ölməz həyatı bütün gənclərə örnək olduğunu bildirdilər. O da qeyd olundu ki, belə tədbirlər böyük önəm daşıyır, ən əsası gənc nəslin vətənpərvər ruhda böyüməsinə yol açır.
   
Vətənin müqəddəsliyinə tapınan Orxan Elxan oğlu orta təhsilini başa vurub 2011-ci ildə həqiqi hərbi xidmətə yollanır. O, Bakı şəhərində Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində kiçik çavuş rütbəsində doğma Azərbaycanın keşiyində durur. Nümunəvi xidməti ona əsgər və zabitlər arasında böyük hörmət qazandırır.
Öz doğma Vətənini həyatından çox sevdiyi onun hərbidə qalmağa səbəb olur. Məqsədə çatmaq üçün könüllü  2017-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidməti komandanına müraciət edir. 2018-ci ilin mart ayının 29-da Dövlət Sərhəd Xidməti Komandanının əmri ilə Yevlax şəhərində “N” saylı hərbi hissdə Çevik hərbi dəstənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətə götürülür və ona
kiçik gizir rütbəsi verilir. 44 günlük haqq savaşımızda Çevik hərəkət taboru tərkibində Xocavənd rayonunun yaşayış məntəqələrinin, Zəngilan şəhərinin, bu istiqamətdə bir sıra yüksəkliyin azad olunması əməliyyatlarında mərdliklə döyüşür, bir-birindən çətin müharibə meydanlarında şəxsi igidlik nümunəsi göstərir. Erməni dığaların kabusuna çevrilən qəhrəman Vətən oğlu
Böyük zəfərə 1 gün qalmış –  Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyini düşməndən azad edilərkən şəhidlik zirvəsinə ucalır. 8 noyabr 2020-ci ildə Lənkəran şəhərində Şəhidlər xiyabanında canından çox sevdiyi torpağa tapşırılır. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Giziri Orxan ailəli idi, özündən sonra vətənə əmanət qızı övladı qaldı.
Şəhid Orxan Elxan oğlu Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Qarabağ” ordeni, “Vətən uğrunda” və digər medallara layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri dön