Ana Sayfa > Özəl > Naftalan Reablitasiya Mərkəzində qazilərə və əlilliyi olan vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir

Naftalan Reablitasiya Mərkəzində qazilərə və əlilliyi olan vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir


3-07-2023, 18:13. Yazar: sevinc1
Naftalan Reablitasiya Mərkəzində qazilərə və əlilliyi olan vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir

Məlum olduğu kimi, bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin gostərişi ilə ən müasir tələblərə cavab verən mükəmməl reabilitasiya sistemi qurulmuşdur. Bu sistem hazırda həm Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm baza rolunu oynayır və eyni zamanda da müxtəlif reablitasiya mərkəzlərində əlilliyi olan vətəndaşlara tibbi xidmətlər göstərilir. Bu məqsədlər üçün təkcə 2019-2020-ci illərdə ölkədə 11 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Azərbaycanda müharibə qazilərinin və əlilliyi olan şəxslərin reabilitasiyası üçün geniş imkanların yaradılması, müasir tələblərə uyğun reabilitasiya müəssisələrinin açılması Ölkə Prezidenti cənab İlham Əliyevin həssas qruplara aid olan vətəndaşlarımıza qayğı göstərilməsini hər zaman xüsusi xüsusi diqqət mərkəzində saxladığının daha bir sübutudur.
O cümlədən, 2008-ci ildə yaradılan Naftalan Reablitasiya Mərkəzində də hazırda qazi və əlillərə yüksək səviyyədə tibbi reabilitasiya və psixoloji yardım xidmətləri göstərilir. Qeyd edək ki, bu müəssisə 2019-cu ildə əsaslı təmir və yenidənqurmadan sonra fəaliyyətə başlayıb. Bu gün Naftalan Reabilitasiya Mərkəzi Naftalan şəhərində, eləcə də ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial-psixoloji, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində effektiv işlər görür. 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 25 çarpayılıq olan bu Mərkəzdə il ərzində 600-dək əlilliyi olan şəxsə xidmət göstərilir. Təmirdən sonra müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilib.
Diqqətəlayiq bir məqam da budur ki, Naftalan Reabilitasiya Mərkəzi Vətən müharibəsi dövründə döyüşçülərə, müharibədən sonra isə qazilərə yüksək səviyyədə xidmət göstərib. Vətən müharibəsi dövründə burada 80-dən çox müharibə iştirakçısına həm tibbi reabilitasiya, həm də psixoloji yardım göstərilib. Müharibədən sonra isə Mərkəzdə qazi və şəhid ailələri, müharibədən əziyyət çəkən uşaqlar, o cümlədən Naftalan sakinləri üçün tibbi reabilitasiya və psixoloji yardım xidmətləri həm stasionar, həm də ambulator şəraitdə təşkil olunub.
Ötən ayın sonlarında Naftalan Reablitasiya Mərkəzində müalicə-reablitasiya kursu keçmiş vətəndaşlarımızdan biri də Qazax rayonunun Xanlıqlar kənd sakini, I Qarabağ müharibəsi qazisi Mikayıl İbrahimov olub. Müalicə kursu başa çatdıqdan sonra Mikayıl İbrahimov müəssisədə keçirdiyi günlərin, burada özünə və bütün pasiyentlərə qarşı şahidi olduğu diqqət və qayğının təəssüratlarını bölüşmək üçün redaksiyamıza müraciət edib.
Qazimiz deyir ki, Mərkəzdə xidmət göstərən peşəkar həkimləri və tibbi personalı bura müraciət edənlərin effektli müalicə almalarə və sağlamlıqlarını bərpa etmələri üçün əllərindən gələni edirlər. Həmçinin bu müəssisədə buna əks-göstərişi olmayan xəstələr üçün dünyada unikal müalicə vasitəsi hesab olunan Naftalan nefti vannasının qəbulu da mümkündür. Bundan başqa xəstələr üçün tərtib olunan qida rasionuna ən faydalı və ən keyfiyyətli ərzaqlar daxil edilib. Bir sözlə, Naftalan Reabilitasiya Mərkəzi öz fəaliyyətini müasir tələblər səviyyəsində və ilk növbədə insan amilini rəhbər tutaraq qurduğuna görə buraya müraciət edən hər bir xəstənin səhhətində müsbət nəticə mütləq qeydə alınır.

AİA.Az
Geri dön