Ana Sayfa > Özəl > Vətənlə adı birgə çəkilən igid
Vətənlə adı birgə çəkilən igid3-07-2023, 14:00. Yazar: sevinc1 |
Azərbaycanının əzəli və əbədi torpağında qərar tutmuş, 30 il mənfur erməni dığaların əsarətində qalan Qarabağın 44 günə azad edilməsində Lerikdən olan dağ vüqarlı dağlar oğlu Babazeynal Babazadə əsl qəhrəman kimi döyüşüb. 19 yaşında canını sonsuz məhəbbətlə bağlandığı Vətənə fəda etməklə əbədi ömür qazanan Babazeynal bu şərəfli həyata çoxdan hazır idi. Belə ki, 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşəndə el-oba qarşısında: “Vətən torpağı azad olunmadan silahı yerə qoymaram” - deyə and içir. Bəli, İkinci Qarabağ müharibəsinin qalib şəhid əsgəri Babazeynal Babazadə düşdüyü hərbi hissədə nümunəvi xidməti ilə seçilir. Onun vətənpərvərliyi, mərdliyi, dosta sədaqəti, ən əsası düşmənə nifrəti əsgərlərdə, zabitlərdə xüsusi rəğbət hissi yaradır. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi eşqi ilə alışıb-yanır. Hərbi təlimlərdə fəal olur, mükəmməl döyüş təcrübəsinə yiyələnir. Çox keçmir ki, itirilmiş torpaqların hər qarışı uğrunda düşmənlə mübarizə aparmaqdan ötrü özündə tükənməz qüvvə hiss edir. O da sentyabrın 27-də minlərlə qeyrətli vətən oğlu kimi elə savaşın birinci günü silahlanıb torpaqların müdafiəsinə qalxır. Babazeynal döyüşlərdə misilsiz şücaət göstərir. Hər dəfə minomyotu ilə düşmənə layiqincə “dərs” verir. Ölüm-dirim savaşlarında dığalar onun qətiyyəti, cəsarəti qarşısında tab gətirməyib itki verə-verə qaçmağa üz qoyurlar. Son döyüşləri Ağdərə istiqamətində olur. 2020-ci il oktyabr ayının 7-də sərrast atəşlə düşmənin üç tankını sıradan çıxarır, çoxlu canlı qüvvəsini məhv edir. Lakin qəfil atılan namərd gülləsindən özünü qoruya bilmir... Qəhrəman şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Laçın və Suqovuşanın azadlığına görə medallarla təltif edilir. Babazeynal 30 illik torpaq həsrətinə qanı ilə son qoyan şəhidlərdən birinə çevrildi. Beləcə, qısa həyat yolu tarixə düşməklə, öz xalqından ötrü Vətənə, torpağa sədaqət simvoluna döndü Babazeynal... Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |