Ana Sayfa > Özəl > Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir


25-06-2023, 16:33. Yazar: sevinc1
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır.Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.Ulu Öndər rəhbərlik etdiyi dövrlər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmişdir. O, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Bəllidir ki, 90-cı illərin əvvəlləri Azərbaycanda olduqca əlverişsiz siyasi mühit yaranmış, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və səhvləri üzündən torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdur. Xalqımız olduqca çarəsiz duruma düşmüş, dövlətimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir dönəmdə xalqın səsinə səs verən yenə də Ümummilli liderimiz Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldi.Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir.Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.Azərbaycan tarixinin ən qürurverici dövrü Heydər Əliyev dövrüdür. Çünki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Ümumiyyətlə, müasir Azərbaycan tarixinin istənilən sahəsinə nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu və əməyini görmüş olarıq. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində olmuşdur.
Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır.

Məhəmməd Mehdiyev,
Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı

Geri dön