Ana Sayfa > Özəl >  Böyük Yolun davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır

 Böyük Yolun davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır


25-06-2023, 16:32. Yazar: sevinc1
 Böyük Yolun davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır

Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu, vətəndaş arzusunun, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi. Bu onu ifadə edirdi ki, artıq bütün hadisələr dövlətin nəzarəti altına götürülərək, xalqın iradəsinə tabe edilir. 1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ovaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı.
“Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”, - deyən Ulu Öndər ömrünün qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyinə xalqı əmin etdi. Ümummilli Liderin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə sədrlik etdiyi dönəmdə parlamentarizm ənənələri özünəməxsus yeni nəfəs qazandı. Ayrıca, nizami ordu quruculuğu sahəsində önəmli qərarlar qəbul olundu. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunlarda və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun zəruri dəyişikliklər edildi. Ulu Öndər Heydər Əliyevin siyasi nüfuzu sayəsində əldə olunmuş atəşkəsi də unutmaq olmaz. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu.  1993-cü il avqustun 7-də respublikamızın cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olunmuşdu.
Heydər Əliyev bununla bağlı avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşərək, durumu müzakirə etdi. Avqustun 17-də isə Parlament “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” tarixi qərar qəbul edərək, qondarma “respublika” avantürasına siyasi qiymət verdi. Dövlətə başçılıq edən müdrik şəxsiyyətin siyasi iradəsi və əhalinin istəyi ilə tezliklə bu köksüz iddiaya son qoyuldu. Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. Ulu Öndərin müasir müstəqil Azərbaycanın qurucusu kimi təqdim olunması da məhz bu reallıqlara əsaslanır. O, xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı bütün sahələrdə inkişaf, tərəqqi yoluna çıxardı, gələcək üçün möhkəm təməl formalaşdırdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüdrəti artdı, həm də etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. Ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu fikri böyük əminliklə ifadə etmişdir ki, “Əsrin müqaviləsi” ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaqdır. XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinə səs verərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Böyük Yolun 2003-cü ildən başlanan davamının uğurlu nəticəsi bugünkü qalib Azərbaycandır.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla nail olur, ilklərə imza atan ölkə kimi dünyada söz sahibliyini qoruyur. Hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikasının beynəlxalq səviyyədə öyrənilməsi bir daha düşünülmüş və məqsədyönlü siyasətin ölkənin inkişafında başlıca amil olduğunu ortaya qoyur. Heydər Əliyev ideyalarının işığında sabaha daha böyük inamla addımlayan müasir müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.

Flora Dünyamalıyeva,
Salyan rayonu Yenikənd kənd tam orta məktəbin müəllimi
Geri dön