Ana Sayfa > Özəl > Ordumuzun inkişafı dövlətimizin inkişafı deməkdir
Ordumuzun inkişafı dövlətimizin inkişafı deməkdir25-06-2023, 16:30. Yazar: sevinc1 |
![]() Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması ulu öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Ümummilli Liderin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ordunun güclənməsi üçün lazım olan bütün imkanlardan səmərəli istifadə olundu. Dövlətimizin başçısı mütəmadi olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə səngərlərdə görüşür, Azərbaycan Ordusunun hansı səviyyədə olmasını şəxsən müşahidə edir. Milli Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi də ciddi nəzarətdə saxlanılırdı. Azərbaycan Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılması cənab Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ümumiyyətlə ordu quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilmişdir. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənmiş, müasir infrastruktur yaradılmış, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Cənab Prezidentin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınmasına dair hərbi sənaye sahəsində inkişaf etmiş ölkələrlə imzladağımız müqavilələr də həm hərbi sahədə əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi baxımından, həm də ordumuzun ən müasir texniki avadanlıqlarla təmin olunması baxımından olduqca əhəmiyyətli olmuşdur. Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət əlbəttə öz bəhrəsini vermiş və biz hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini bütün dünyaya göstərmiş, həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss etmişdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Vurğulamaq istəyirəm ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunda bir fərari belə olmadığı halda, düşmən tərəfindən isə 10 mindən çox fərari oldu. Torpaqlarımızı azad edənlər, döyüş meydanında üzbəüz şəkildə düşməni məğlub edənlər bizim qəhrəman hərbçilərimiz oldular. Onların cəsarəti, qorxmazlığı, hünəri və hərbi hazırlıq baxımından peşəkarlıqları qarşısında ən mükəmməl döyüş imkanlarına malik olan düşmən belə tab gətirə bilmədi, Vətənin qəhrəman oğulları bu müharibədə öz sözlərini mərdliklə dedilər. Onların hər biri ağır əməliyyatlarda qəhrəmanlıq salnaməsi yaratdı. Hər bir şəhidimizin, qazimizin, qalib əsgərimizin keçdiyi döyüş yolu şanlı Qələbənin simvoluna çevrildi. Tarixi Zəfərdən sonra bizim ordu quruculuğu sahəsində fəaliyyətimiz daha da intensivləşmişdir. Qələbəni qoruyub saxlamaq zərurəti, erməni faşizminin təzahürlərinin hələ də zaman-zaman özünü göstərməsi, müasir dünyada baş verən hadisələr, dövlətlərin hərbi büdcələrini artırmaları, hərbi ittifaqlara qoşulmaq meyillərin güclənməsi, hərb sənayesinə diqqətin artırılması sübut edir ki, ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olan orduya ehtiyacları var. İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılması, cənab Prezidentin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması, Silahlı Qüvvələrin büdcə vəsaitinin artırılması, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universitetinin yaradılması, ordunun ən müasir hərbi-texniki vasitələrlə təmin edilməsi, hərbçilərimizin mütəmadi olaraq beynəlxalq hərbi təlimlərdə iştirakı ordumuzun gücünə güc qatmışdır. Bəli, Ordumuzun inkişafı dövlətimizin inkişafı deməkdir. Cənab Prezidentin hər zaman vurğuladığı kimi Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu var. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz əldə etdiyi Zəfəri daim qoruyub saxlayacaq, dövlətimizin ərazi bütövlüyünü hər zaman təmin edəcəkdir. Bizim əsas gücümüz və qüdrətimiz Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə zəfər qazanmaq əzmindədirlər. Yalçın Abdullazadə, YAP Salyan rayon təşkilatının məsləhətçisi, “Vətən Müharibəsi” iştirakçısı Geri dön |