Ana Sayfa > Özəl > Ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri də strateji tərəfdaşlıq səviyyəsindədir

Ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri də strateji tərəfdaşlıq səviyyəsindədir


22-06-2023, 10:37. Yazar: sevinc1
Ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri də strateji tərəfdaşlıq səviyyəsindədir

Müasir dövrdə Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlardır. Xüsusilə də, Səfəvilər və Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın bu bölgə ilə çox yaxın siyasi, iqtisadi və mədəni əlaqələri mövcud olmuşdur. Yüz illər öncə mövcud olan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan – Pakistan əlaqələrinin əsasını və təməllərini təşkil edən vacib amillərdəndir. Məhz Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan  ilk dövlətlər sırasına düşmüşdür. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin bütün dövrlərində Pakistan dövləti həmişə Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın Qarabağ bölgəsinin erməni faşistləri tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın siyasi və strateji mənafelərini dəstəkləmişdir. Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır.   
Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qarşılıqlı əlaqələrin davamı laraq 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də ölkəmizə rəsmi səfəri də bu proseslərin yüksək səviyyədə davam etməsinin təzahürüdür. Yüksək səviyyəli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı ali qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək bildirmişdir: “Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib.
Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.
Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.”
Qeyd edək ki, Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu dövlətlə qardaşlıq əlaqələrinin genişlənməsi siyasətini həyata keçirən cənab İlham Əliyevin siyasəti nəticəsində Pakistanla müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırır. İndi regionda söz sahibi olan ölkəmizə Türkiyə qədər Pakistan da dəstək verir.
Sevindirici haldır ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri də strateji tərəfdaşlıq səviyyəsindədir.
Cənab prezident bəyanatında bu nüansa toxunaraq bundan sonra da əməkdaşlığın, eləcə də tərəfdaşlığın davam və inkişaf etdiriləcəyinə inamını ifadə etmişdir: “Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.”
Göründüyü kimi, Azərbaycan ona dost, qardaş ölkə ilə münasibətlərin inkişafında maraqlıdır. Bu cənab prezident İlham Əliyevin siyasi kursudur. Xalqımız da bu kursu dəstəkləyir. Bizə dost əli uzadanlara, qardaş deyənlərə qardaşlıq münasibətimz davam edəcək, Pakistanla münasibətlərimizdə yeni üfüqlər açılacaqdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Geri dön