Ana Sayfa > Özəl > Gəncədə “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı keçirilib

Gəncədə “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı keçirilib


21-06-2023, 10:28. Yazar: sevinc1
Gəncədə “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!” adlı konsert proqramı keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!" adlı konsert proqramı təqdim olunub.

aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Türkiyənin Gəncədəki vitse-konsulu Özkan Büktel, Milli Məclisin üzvləri Müşfiq Cəfərov, Razi Nurullayev, YAP Gəncə şəhər təşkilatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi, ziyalılar, şəhid, qazi ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və bu ilin fevralında qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov çıxış edərək, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Liderin uzaqgörənliyi, mükəmməl idarəçilik təcrübəsi, müəllifi olduğu sosial-iqtisadi strategiyanın reallaşdırılması Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün möhkəm təməl yaradıb. Şəhər rəhbəri bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Uşaq Səfirlər Məclisinin Gəncə üzrə nümayəndəsi Hüseyn İsmayılov da çıxışlarında müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salıb, uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alaraq Vətənə və xalqa gərəkli övlad kimi böyüməsinin Ümummilli Liderin daim diqqət mərkəzində olduğunu qeyd ediblər.
Sonra Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin özfəaliyyət kollektivlərinin ifasında dahi rəhbərə ithaf olunmuş mahnılar, musiqi nümunələri tamaşaçılara təqdim edilib. Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda tədbirdə fəal iştirakına görə özfəaliyyət kollektivləri YAP Gəncə şəhər təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Azər Tağızadə
Geri dön