Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyev milli mədəni irsimizi müstəqil Azərbaycan üçün qoruyub saxladı

Ulu Öndər Heydər Əliyev milli mədəni irsimizi müstəqil Azərbaycan üçün qoruyub saxladı


20-06-2023, 00:08. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyev milli mədəni irsimizi müstəqil Azərbaycan üçün qoruyub saxladı

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlişindən dərhal sonra ictimai həyatın bütün digər sahələrində olduğu kimi, xalqın mədəni həyatı da yeni bir dövrə, sözün əsl mənasında özünün intibah dövrünə qədəm qoydu. Milli-mənəvi irsimizin, mədəniyyətimizin zənginləşməsinə və dünyada tanıdılmasına çox böyük önəm verən Ümummilli Liderimizin bu sahəyə verdiyi yüksək dəyər bu sözlərdə öz əksini açıq-aşkar tapmışdır: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Öz yaradıcı ideyalarını hər zaman əməlləri, məqsədyönlü işləri ilə həyata keçirən Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamış, bu inkişafın davamlı olması üçün konkret tədbirlər həyata keçirmişdir. Milli mədəniyyətimizi, incəsənətimizi xalqın ən böyük sərvəti hesab edən Ümummilli Lider Heydər Əliyev mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni əsərlərin yaradılması üçün bütün addımları atırdı. Ulu Öndər Heydər Əliyev “kosmopolit” sovet xalqı yaratmaqla, millətlər arasında fərqləri ləğv etməyə çalışan kommunist ideologiyasından fərqli olaraq müasir müstəqil Azərbaycan üçün milli mədəniyyətimizin qoruyucusu missiyasını öz üzərinə götürmüşdü. Bu missiyanı gərgin səylər hesabına, lakin uğurla həyata keçirən Ümummilli Lider mədəniyyətimizi zənginləşdirən, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın ən görkəmli mədəniyyət və incəsənət xadimləri sovet dövründə məhz Heydər Əliyevin səyləri ilə Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin ən yüksək fəxri adını almağa müyəssər olmuşdular.

Ulu Öndər mütəmadi olaraq bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu çıxışları ilə mədəniyyətimizin hər bir sahəsinin gələcək inkişaf proqramını müəyyən edirdi. Mədəniyyətimizə, incəsənətimizə dərindən bələd olan Ümummilli Lider 1997-ci ildə keçirilmiş “Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqəsi”nin iştirakçılarına ünvanlanmış müraciətində dahi Bülbülün ifaçılıq sənətini cəmi bir neçə ifadə ilə belə səciyyələndirmişdi: “Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir.”

Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, artıq 1993-cü ildə ölkəmiz kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Təbii ki, belə bir şəraitdə milli mədəniyyətimiz də güclü tənəzzül yaşamaqda idi. Lakin, Ulu Öndər Heydər Əliyevin xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlişi qısa müddət ərzində bütün həyati təhlükələri aradan qaldırdı, Azərbaycanın taleyi ilə bağlı qeyri-müəyyənliklərə son qoydu. Azərbaycan müstəqillik qazandıqdan sonra bütün digər sahələr kimi, mədəniyyətimiz də bir müddət böyük çətinliklər qarşısında qalsa da, Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışı ilə bu sahənin inkişafına yeni, güclü təkan verildi. Həmin vaxtdan etibarən Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında tamamilə yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başladı. Ümummilli Lider xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələri yüksək dəyərləndirərək belə demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.” Həmin vaxtdan etibarən sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa və konsert müəssisələri müasir tələblərə uyğun təmir olundu.

1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. 2003-cü ildən sonra isə, Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin inkişafına yeni stimul yaratmışdır.

Əlbəttə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər milli mədəniyyətimizin də inkişafı üçün ən böyük stimul olmuşdur. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən dərhal sonra cənab Prezident İlham Əliyev bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq və Şuşada işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” Beynəlxalq musiqi festivalı bərpa ediləcək. Bu, belə də oldu. 30 illik fasilədən sonra, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan edildi. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunmuşdur. 2021-ci ilin 12-13 may tarixlərində Şuşada keçirilmiş “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı kimi dünyaya təqdim olundu.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatnın sədr müavini

Geri dön