Ana Sayfa > Özəl > Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaqlar
Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaqlar19-06-2023, 17:24. Yazar: sevinc1 |
Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət" kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri çağdaş dövrdə hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü, düzgün siyasətin məntiqi nəticəsi olaraq getdikcə inkişaf etməkdədir. Bu inkişaf yalnız iki dövlətin deyil, eyni zamanda, türk dövlətlərinin, region dövlətlərinin rifahına yönəlmişdir. Ali Baş Komandan İlham Əliyevin: “Türkiyə və Azərbaycan arasındakı əlaqələr, eyni zamanda, bütün türk dünyası üçün mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səy göstəririk”, - sözlərinin məntiqi nəticəsidir. Azərbaycanla Türkiyə arasında münasibətlər tarixi dostluq, qarşılıqlı etimada əsaslanır, daim inkişaf etməkdədir. Azərbaycan və Türkiyə Cumhuriyyəti arasında dostluğun, qardaşlığın tarixi çox qədimdir. Babalarımız hər zaman bir-birinə əl tutub, dar gündə bir-birinə dayaq olublar. Bu cəhətdən XX əsrin əvvəllərində baş verənləri xatırlamamaq mümkün deyil. Bu, çox da uzaq keçmiş deyil. Tarixi faktlar hələ yaddaşlardadır, tarixi qaynaqlardadır. Dostluğu, qardaşlığı ilə, eyni dili danışması, imanı ilə, eyni kökü, eyni tarixi ilə, eyni mədəniyyəti, eyni ədəbiyyatı ilə … dünyanı həyəcana gətirən, bəzən hətta qorxuya salan iki dövlət. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan-Azərbaycan və Türkiyə. Bu birliyə mən dostluq deməzdim, bu, həqiqətən də, əsl qardaşlıqdır. Əvəzsiz, öz mənafeyini güdmədən, əlindəki son tikəsini doğmaları ilə bölməkdir. Nə qədər ki Türkiyə və Azərbaycan arasında məhkəm birlik var, bu iki dəmir yumruğun birliyini, gücünü heç kim yenə bilməz. 1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazmışdır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas olmuşdur. Azərbaycandan Türkiyəyə qardaş köməyi 1921-ci ildə, Nərimanovun vasitəsilə həyata keçirildi. Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik”,- yazır və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərildiyini bildirmişdir. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyini də götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə qoyulmuş, qalanı isə silah və sursat üçün istifadə edilmişdi. Bundan sonar isə N.Nərimanov Türkiyəyə göndərmək üçün Rusiyadan on milyon qızıl pul almış və Türkiyəyə çatdırmışdır. Yalnız Azərbaycanın bu yardımlarından sonra Türkiyədə vəziyyət düzəlmişdir. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilmişdir. Mustafa Kamal Atatürkün: “Tezliklə borcumuzu qaytarmağa çalışacağız”,-sözlərinə cavab olaraqN.Nərimanov cavab məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirmiş və yazmışdır: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik” . Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |