Ana Sayfa > Özəl > ULU ÖNDƏR DAİMA MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ QARŞI DİQQƏTLİ, QAYĞILI OLUB!

ULU ÖNDƏR DAİMA MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ QARŞI DİQQƏTLİ, QAYĞILI OLUB!


19-06-2023, 16:00. Yazar: sevinc1
ULU ÖNDƏR DAİMA MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ QARŞI DİQQƏTLİ, QAYĞILI OLUB!

Qədim ənənələrə, milli-mənəvi mədəniyyətə malik olan xalqımız məhz Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında Azərbaycan mənəviyyatının və mədəniyyətinin himayədarı idi. Ulu Öndər, müdrik şəxsiyyət həmişə milli adət-ənənələrinə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də ötən əsrdən başlayaraq Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Ümummilli Lider Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir. Milli liderin fikrincə “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Ona görə də H.Əliyev müasir Azərbaycan elmi-mədəni mühitinə nəinki yüksək qiymət vermiş həm də bu mühitin sağlam əsaslarla daha da inkişaf etməsinə qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucadılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin yaradılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalıları və incəsənət xadimləri haqqında sitatlar söyləmişdir. Mövzu ilə bağlı bir neçə sitata nəzər yetirək. 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Ulu Öndər Heydər Əliyev demişdir: Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. 18 sentyabr 1994-cü il tarixdə Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında Ulu Öndər söyləmişdir: Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır. 17 dekabr 1994-cü il tarixdə Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Heydər Əliyev demişdir: - Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır. 10 iyun 1995-ci il tarixdə Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə Ulu Öndər söyləmişdir: - Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.

18 sentyabr 1995-ci il tarixdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Heydər Əliyev nitqində demişdir:  - Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Xalqımızın mədəni həyatında yeni bir dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderin dediyi kimi: - Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. - Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycana haradan baxsan Ulu Öndər Heydər Əliyevin əməlləri görünür. Azərbaycan xalqı bugünkü inkişafa maddi və mənəvi rifaha görə Heydər Əliyev şəxsiyyətinə minnətdardır. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Geri dön