Ana Sayfa > Özəl > Xalq musiqinin xiridarı

Xalq musiqinin xiridarı


16-06-2023, 10:10. Yazar: sevinc1
Xalq musiqinin xiridarı

Əli Əkbərov Lənkəran rayonunun ən çox hörmət bəslənilən, sayılıb seçilən ziyalısıdır. Bu dəyərli şəxsiyyət hazırda Lənkəran Regional Mədəniyyət İdarəsinin Şağlaser kənd Sənətkarlıq evində çalışır. 1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunu bitirib. Görkəmli opera ifaçısı Mais Salmanov və unudulmaz aktyor Mikayıl Mirzədən dərs almışdır. İşinin vurğunu olan Əli Əkbərov insanlara nümunəvi xidmət göstərməklə yaxşı ad qoymuşdur.
Xalq musiqisinin xirdarı olan Əli Əkbərov həm də yaşadığı Lənkəran rayonu, Cil kəndindəki evinin bir otağında Azərbaycanın muğam sənətkarlarına aid olan musiqi vallardan ibarət kolleksiya yaradıbdır. Orta məktəbdə oxuduğu zamandan bu işlə məşğul olur. Kolleksiyasında çox nadir musiqi vallarını qoruyub saxlamaqla onların sayı 1200-ü ötür. Hazırda kolleksiya şəxsi muzey kimi tanınır, onu ziyarət edənlər də olur. Bu günlər mənim yolum da kolleksiyaya düşdü. Marağımı görən Əli müəllim söhbətə başladı:- Yaratdığım kolleksiyanın yaşı 30-dan çoxdur. Uşaqlıqdan incəsənətə marağım olub. Orta məktəbdə oxuduğum illərdən valları yığmağa başlamışam. Babamın radiolu patefonu, bir neçə qədim valı var idi. Məndə də meyl buradan yaranmışdı ki, böyüyəndə mütləq öz musiqi arxivimi yaradacağam və ürəyim istəyən zaman Yavər xanım, Xan Şuşinski, Seyid Şuşinski və Rübabə xanımın mahnılarını dinləyə bilim. Başladım valları toplamağa və bir də gördüm ki, artıq çoxlu val yığmışam. Musiqi vallarını yığmaqda məqsədim bu valların lentli kasetlərə nisbətən daha çox uzunömürlü olması idi. Tələbə olanda qrup yoldaşlarım mənim musiqi vallarına olan sevgimi bilib, öz rayonlardan əldə etdikləri valları gətirib hədiyyə edirdilər. Müəllimlərim də mənə val verirdilər. Bakıda musiqi valları satan mağazaları bir-bir gəzib lazım olan valları alırdım. Valların çoxu orijinaldır. Bunların arasında 1930-cu illərdə Qurban Pirimova, Əhməd Bakıxanova və böyük müğənnimiz Bülbülə məxsus olan, eləcə 1961-ci ilə kimi çıxan vallar var. Ən yeni vallar isə 1991-ci ildə buraxılıb. Kolleksiyamda ən qədim val isə Cabbar Qaryağdıoğlunun 1905-ci illərdə ifa olunmuş muğamlardan ibarət “plastinka” dır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Geri dön