Ana Sayfa > Seçki 2024 > Gəncədə 15 İyun - Milli Qurtuluş Günü təntənəylə qeyd olunub

Gəncədə 15 İyun - Milli Qurtuluş Günü təntənəylə qeyd olunub


15-06-2023, 17:07. Yazar: sevinc1
Gəncədə 15 İyun - Milli Qurtuluş Günü təntənəylə qeyd olunub

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

aia.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Gəncə şəhər İHB Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bİldirilib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da, 1993-cü ilin ilk vaxtları  müstəqilliyimizin ən ağır dövrü olub. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Məhz belə bir dövrdə Ulu Öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü" kimi daxil oldu.
Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bayram konsertində Göy-göl Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev və baletmesytr Sənan Cavadov) təqdimatında xalq və bəstəkar mahnıları ifa olunub. Xalq artisti Şahnaz Hamışova, solistlər Rövşən Məmmədov, Əli Məmmədov, Xəyal Əliyev, Zəminə Nuriyeva və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər.

Azər Tağızadə
Geri dön