Ana Sayfa > Özəl > Tarix İslamov: “Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü”
Tarix İslamov: “Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü”12-06-2023, 14:44. Yazar: sevinc1 |
Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü bütün tariximiz üçün ən əlamətdar bir ildə, Heydər Əliyev İlində qeyd edir. Mövzu ətrafında əməkdaşımızın suallarını Yeni Azərbaycan Partiyası Kürdəmir rayon Mərkəzi Xəstəxanası Ərazi partiya təşkilatınının sədiri, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tarix İslamov cavablandırır. - Xoş gördük Sizi, Tarix müəllim. Bu coşqulu bayram əhval-ruhiyyəli günlərdə Sizinlə yenidən görüşməyimizə çox şadam. Əminəm ki, bir ziyalı kimi, Sizin də xalqımızın 30 il bundan əvvəl qədəm qoyduğu möhtəşəm qurtuluş və nicat yolu barədə deməyə ürək sözləriniz, bölüşməyə fikirləriniz kifayət qədərdir. - Tamamilə düz deyirsiniz. Bu günlərdə mənim də, çalışdığım bu tibb müəssisəsinin böyük kollektivinin hər bir üzvünün də qəlbimizdə bütün Azərbaycan xalqı kimi, sevinc və fərəh hissləri aşıb-daşır. Milli Qurtuluş Gününü həqiqətən də Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biridir. Bu il isə, xalqımız bu günü öz dahi xilaskar oğlunun 100 illik yubileyi ilə eyni ildə, Heydər Əliyev İlində qeyd edir. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, hər bir vətənpərvər azərbaycanlının örnək ala biləcəyi fədakarlıqla sevirdi. Məhz Ulu Öndərimizin bu fədakarlığı və dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali insani keyfiyyətləri Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Bu gün biz birmənalı olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan hər zaman problemlərin həllinə doğru qətiyyətlə irəliləyən, bütün sahələrdə dinamik inkişaf edən, insan amilinin uca tutulduğu bir ölkə olub. Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə Ümummilli Lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışıb və buna nail olub. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Hələ 1969-1982-ci illərdə, respublikaya birinci dəfə rəhbərlik etməyə başladığı dövrdə Ümummilli Lider ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almış və onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etməyə başlamışdı. Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişi təmin edilmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır. - Əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin siyasi-ideoloji əsaslarının məhz Ulu Öndər Heydər Əliyevin Azərbayacana hələ birinci dəfə rəhbərliyi dövründə yaradılması təkzibolunmaz tarixi həqiqətdir. Bununla belə, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra respublikada gedən ictimai-siyasi proseslərin istiqaməti təkcə suverenliyimizi deyil, hətta vahid ölkə və xalq kimi mövcudiyyətimizi belə real təhdid altına almışdı. Bu barədə nə deyə bilərsiniz? - Tamamilə sizinlə razıyam. Hətta mən bir qədər də irəli gedərək deyə bilərəm ki, müstəqilliyimizin ilk illərində davamlı olaraq baş verən və 1993-cü ilin yayında pik nöqtəsinə çatan hadisələr nəticəsində sizin qeyd etdiyiniz təhdidlərin artıq həyata keçirilməsi prosesi başlanmışdı. İstənilən an müstəqil Azərbaycan dövləti dünyanın siyasi xəritəsində öz yerini birdəfəlik itirə bilərdi. Ölkədə vətəndaş müharibəsini alovlandıracaq ilk atəşlər artıq açılmışdı. Məhz belə bir böhran məqamında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Milli Qurtuluş Gününün mahiyyətində dutan ən önəmli hadisə də məhz budur. Xalq Heydər Əliyevə sevgisini öz dahi rəhbərinin ətrafında sıx birləşməklə göstərdi. Ulu Öndəri hakimiyyətə xalqın sevgisi və iradəsi gətirmişdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu tarixi gün xalqımız və dövlətçiliyimiz üçün həqiqətən də əsl Qurtuluş günüdür. Bu tarixi yaradan isə müasir müstəqil Azərbaycan dövlətini quran, müstəqilliyin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü ilin 15 iyun tarixi Azərbaycanda ölüm-dirim məsələsinin varlığın və birliyin, sülhün və inkişafın leyhinə həlli istiqamətində ilk və həlledici addımın atıldığı gündür. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Buna görə də, bir müddət sonra xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək bu tarixin, 15 iyunun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsini tələbini irəli sürdülər. Nəticədə 1997-ci ildə bayram elan edilən bu günə, 1998-ci ildə dövlət statusu verildi. - Tarix həkim , belə bir deyim var ki, tarix bu gün yazılır. Sizcə gələcək nəsillər də öz yaxın tarixləri ilə ən azından bizim qədər qürur duyacaqlarmı? - Sizin bu sualınız bir qədər fəlsəfi xarakter daşısa da mən ona tam əminliklə və birmənalı cavab verə bilərəm. Əlbəttə ki, hə və bir daha hə. Buna qətiyyən heç bir şübhə ola bilməz. İlk növbədə ona görə ki, Heydər Əliyev siyasət xəttinin 2003-cü ildən sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan bu gün artıq təkcə regionun deyil, həm də dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. Bu illər ərzində Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmaqla, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri olan önəmli bir ölkəyə çevrilmişdir. Respublikamızda çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq ölkəmizdə dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. XXI əsrə Heydər Əliyev dühasının istiqamət verdiyi yolla qədəm qoymuş Azərbaycan xalqı öz uğurlarını hər il, hər gün daha da artırır. Dediyim kimi, bizim ən böyük qürur mənbəyimiz isə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizdir. Bu qüruru dünya durduqca, Azərbaycan var olduqca bütün gələcək nəsillər yaşayacaqlar. - Tarix müəllim, mən Sizi və rəhbərlik etdiyiniz bu gözəl tibb müəssisəsinin kollektivini Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm və dolğun müsahibənizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun. - Siz də mənim adımdan redaksiya heyətinizi bu həqiqətən də möhtəşəm bayram münasibətilə təbrik edərsiniz. Sağ olun. Söhbətləşdi: Arif Hüseynov Elman Kərimli aia.az Geri dön |