Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Xarici siyasətlə əlaqədar Türkiyə və Azərbaycan Prezidentlərinin birgə fəaliyyəti bölgədə sülhü və sabitliyi təmin edir”

Aqiyə Naxçıvanlı: “Xarici siyasətlə əlaqədar Türkiyə və Azərbaycan Prezidentlərinin birgə fəaliyyəti bölgədə sülhü və sabitliyi təmin edir”


14-06-2023, 14:31. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Xarici siyasətlə əlaqədar Türkiyə və Azərbaycan Prezidentlərinin birgə fəaliyyəti bölgədə sülhü və sabitliyi təmin edir”

“Türkiyə-Azərbaycan birliyi və qardaşlığı çox mühüm beynəlxalq amildir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkədə prezident seçkilərindən qısa müddət sonra, iyun ayının 12-13-də Azərbaycana etdiyi səfər də sabitlik, inkişaf və təhlükəsizliyə xidmət edən bu amilin önəmini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirir. Etiraf olunmalıdır ki, 20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat qeyd edib ki, iki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin artıq rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Dövlət başçımızın öz çıxışında dediyi kimi, iki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şübhəsiz ki, Şuşa Bəyannaməsi tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci ildə öz dahi xilaskar oğlunun, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirmişdir. İkinci Qarabağ savaşında əldə olunan tarixi Zəfərlə torpaqlarımızın işğalına birdəfəlik son qoyulmuş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Əlbəttə ki, bu şanlı Qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığı ən mühüm amillərdən biri kimi çıxış etmişdir. 2021-ci il iyunun 15-də hər iki ölkənin dövlət başçıları tərəfindən Şuşa şəhərində imzalanmış “Müttəfiqlik münasibətləri haqqında bəyanat” isə ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj olmuşdur. Bu önəmli sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən vacib amilə çevrildi. Bu gün Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, davamlı regional sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bu sənədin məhz Şuşada imzalanması isə təbii ki, xüsusi mənəvi önəm kəsb edir. Çünki Şuşa, cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.”

Daha sonra A.Naxçıvanlı Azərbaycan ilə Türkiyə arasında məhz hərbi sahədə əməkdaşlığın daha böyük önəmini vurğulayaraq bunları deyib: “Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlərdə gələcək işbirliyi proqramı da müzakirə olunub. Diqqətəlayiq haldır ki, iki qardaş ölkənin bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəkləri vurğulanıb. Çünki məhz bu amil, xarici siyasətlə əlaqədar Türkiyə və Azərbaycanın dövlət başçılarının apardıqları birgə fəaliyyət bölgədə sülhün və sabitliyin təmin olunması baxımından çox böyük önəm daşıyır. Təbii ki, ölkələrimiz arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq çox vacibdir. Azərbaycan Ordusu bu gün Türkiyə modeli əsasında inkişaf edir və bu, dövlətimizin gücünü, qüdrətini daha da artırır. Dövlət başçımızın dediyi kimi, bu gün dünyada güc amili getdikcə daha çox ön plana çıxır, beynəlxalq hüquq isə çalışmır. Ona görə də birgə fəaliyyət istiqamətində aparılacaq işlər ölkələrimizin gücünü həm bölgədə, həm dünyada daha da artıracaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Geri dön