Ana Sayfa > Özəl / Seçki 2024 > İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Gəncəyə səfər edib

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Gəncəyə səfər edib


13-06-2023, 18:49. Yazar: sevinc1
İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Gəncəyə səfər edib

İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Loretzon Gəncə şəhərinə səfər edib.

aia.az xəbər verir ki, avropalı diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Səmimi söhbət şəraitində keçən görüşdə, şəhər rəhbəri qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Bildirib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə digər sahələr olduğu kimi sənaye sahəsi də inkişaf etməkdədir. Burada Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab - 2” ASC, “Azərbazalt” MMC və digər iri müəssisələr fəaliyyət göstərir. İcra başçısı onu da qeyd edib ki, Azərbaycanın iri sənaye şəhəri olan Gəncə, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirilməsində logistik mərkəz rolunu oynamaqdadır.
Səfir Tobias Loretzon səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. Qeyd edib ki, səfər çərçivəsində Nizami Gəncəvi Məqbərəsində, Gəncə Dövlət Filarmoniyasında, Cavad xan Türbəsində olub. Eləcə də Gəncə Dövlət Dram Teatrını, Heydər Əliyev Park-Xiyaban Kompleksini ziyarət edib. Tobias Loretzon Gəncə Dövlət Dram Teatrında İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin səhnə əsərinin tamaşaya qoyulması ilə bağlı təklif də irəli sürüb.
Səfir həmçinin “Azəralümünium” MMC və “Gəncə Şərab-2” ASC-ni ziyarət edəcəyini bildirib.
Görüşdə ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Görüşdən sonra Tobias Loretzon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Burada ona törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Səfir Tobias Loretzon terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Azər Tağızadə
Geri dön