Ana Sayfa > Özəl > Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir13-06-2023, 15:02. Yazar: sevinc1 |
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə bərabər idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir. Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi Azərbaycanda qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın xahişi və təkidi ilə ümummilli liderin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizin real təhlükədən xilas olması üçün zəruri şəraiti təmin etdi, onun dönməzliyini, əbədiliyini şərtləndirdi. Müstəqilliyimizin əbədiliyinin təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli 1993- cü ilin iyunundan başlayır. Həmin tarix “15 İyun - Milli Qurtuluş Günü” müstəqillik tariximizin əbədiləşən günüdür. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, ümummilli liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi, milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi addımlar atdı. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Geosiyasi maraqların toqquşduğu bir dövrdə Heydər Əliyev dünyanın diqqətini yenidən Azərbaycana yönəltdi. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" dünya əhəmiyyətli mühüm iqtisadi çəkisi olan layihə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və ölkəmizin müttəfiqlərinin sayını artırdı. "Əsrin müqaviləsi"nin imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyev siyasətinin gücü onun milli maraqlara əsaslanmasındadır. Dövlət və cəmiyyət həyatının elə bir sahəsi, elə bir problemi olmadı ki, onun diqqətindən kənarda qalsın. Ulu Öndər cəmiyyət həyatının bütün sahələrinə dərindən nüfuz edərək, mühüm qərarlar qəbul edir, onların icrasına nail olurdu. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Ümummilli lider Heydər Əliyevin müdrikliyi və siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Prezident İlham Əliyev müqəddəs bir vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 İyun-Milli Qurtuluş Günündən başlamışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bugün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir. Etibar Hüseynov, YAP Salyan rayon təşkilatının veteran üzvü Geri dön |