Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik

Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik


13-06-2023, 15:00. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik

Hər bir tarixi gün, bayram onun mahiyyətinin daha dərindən təhlilini, indiki və gələcək nəsillərə çatdırılmasını bir zərurət kimi qarşıya qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun 1993-cü ildən bizi 30 illik zaman ayırır. Xalqımız artıq üç ildir digər bayramlarımız kimi, Milli Qurtuluş Gününü də tamamilə fərqli ovqatda, fərqli hədəflərlə, arzu və istəklərlə qeyd edir. Çünki möhtəşəm Zəfərimizlə bu tarixi günü əsl toy-bayram ovqatı ilə qarşılayır, o həlledici gündən ötən 30 ilin Azərbaycan dövlətinin və xalqının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını təhlil edir və ümumiləşdirilmiş şəkildə qeyd edirik ki, tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.
Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövləti təsəvvür etmək çətin deyildi. Heydər Əliyevsiz Azərbaycan bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olardı. Xalq ən çətin məqamda üzünü xilaskarına - Ümummilli Liderə tutdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunması bu günün dövlətimiz, xalqımız üçün önəmini qabarıq şəkildə büruzə verir. Bu onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını, perspektivlərini ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsaslandırırlar. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar böyük səylərin və qətiyyətin nəticəsidir.
Hər zaman özlüyündə yaranan “Qurtuluş Azərbaycana nə verdi” sualının cavabı qısa olaraq bugünkü Azərbaycandır. O Azərbaycan ki, iqtisadi möcüzələr ölkəsi, sabitlik diyarı, ən əsası qalib ölkə kimi tanınır və nüfuz qazanır. Ulu öndər Heydər Əliyev üçün ən böyük sevinc xalqın etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. O, 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.” Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Ümummilli liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.
Keçilən yola nəzər saldıqda dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğunu görür və bundan qürur hissi keçiririk. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi, xalqın istəyi idi. Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi böyük nailiyyətlərdə və qələbələrdə Yeni Azərbaycan Partiyasının xidmətləri əvəzsizdir, danılmazdır. Ölkə həyatının bütün sahələrində bir siyasi təşkilat kimi partiya həmişə ön sıralarda getməklə xalqa, dövlətə, dövlətçiliyə, Ümummilli lider Heydər Əliyevə və onun ideyalarına yorulmadan xidmət etməklə ümumxalq partiyası olduğunu təsdiq etmişdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, Yeni Azərbaycan Partiyasının Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi.
Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 800 000 nəfərə yaxın üzvü birləşdirən YAP, Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Partiyanın hər bir üzvü Azərbaycanın dünənin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə cərəyan edən bütün proseslərin mərkəzində olacaq.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciətini- inamının növbəti ünvanını göstərməsini xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevə özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi işləri, planları Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Təbii ki, bu işlərin önündə torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dayanırdı. Həmin müraciətdən 17 il sonra dövlət başçısı İlham Əliyev Ümummilli Liderin bu arzusunu reallığa çevirdi. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz görülən işlərin, qazanılan uğurların nəticəsi, zirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, xalqımızın birliyi sayəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız mərhələli şəkildə yurd-yuvalarına qayıdırlar. Daim irəli baxan, yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın növbəti hədəfi Qərbi Azərbaycana qayıtmaqdır. Tarixi ədalət bu arzumuzu da reallığa çevirəcək. Bütün bunların hamısı Heydər Əliyev siyasətinin təntənəsidir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Cavid Səmədli,
Salyan şəhəri, YAP fəalı

Geri dön