Ana Sayfa > Özəl > Habil Qurbanov: “Heç bir təhdid və təhlükələr Ulu Öndər Heydər Əliyevi xilaskarlıq missiyasını həyata keçirməkdən çəkindirə bilmədi”

Habil Qurbanov: “Heç bir təhdid və təhlükələr Ulu Öndər Heydər Əliyevi xilaskarlıq missiyasını həyata keçirməkdən çəkindirə bilmədi”


12-06-2023, 11:49. Yazar: sevinc1
Habil Qurbanov: “Heç bir təhdid və təhlükələr Ulu Öndər Heydər Əliyevi xilaskarlıq missiyasını həyata keçirməkdən çəkindirə bilmədi”

Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü bütün dövlətçilik tariximizin ən əlamətdar illərindən birində, Heydər Əliyev İlində qeyd edir. Bu ilin mühüm özəlliklərdən biri də yaşadığımız hər günün və xüsusilə də qeyd olunan tarixi günlərin önəminin daha da artması ilə bağlıdır. Eləcə də Milli Qurtuluş Gününün mahiyyəti bu möhtəşəm ildə özünü daha qabarıq formada nümayiş etdirir. Mövzu ətrafında əməkdaşımızın suallarını AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov cavablandırır.

- Xoş gördük Sizi, Habil müəllim. ilk növbədə bizimlə həmsöhbət olmaq üçün zaman ayırdığınıza görə Sizə təşəkkür edirəm.

- Salam, xoş gününüz olsun. Mən də bu gözəl bayram, əlamətdar tarixi gün – Azərbaycanın Milli Qurtuluş Günü ərəfəsində sizinlə həmsöhbət olmağa çox şadam. Əminəm ki, söhbətimiz maraqlı və əhatəli olacqdır.

- Habil müəllim, heç şübhəsiz xalqımızın hər il qeyd etdiyi tarixi günlər arasında 15 iyun – Milli Qurtuluş Gününün xüsusi yeri və çəkisi vardır. Eyni zamanda da, 2023-cü il Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir ildir. Əlbəttə ki, Heydər Əliyev İlində xalqımız tərəfindən bayram kimi qeyd olunan tarixi günlərin də önəmi iki qat artır. İstərdim ki, əvvəlcə məhz bu məqamla bağlı fikirlərinizi eşidim.

- Həqiqətən də, Heydər Əliyev İli xalqımızın tarixinə ən əlamətdar, ən şərəfli illərdən biri kimi əbədi həkk olunacaq. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması birmənalı olaraq bütün xalqın iradəsinin ifadəsidir. Bununla qədirbilən Azərbaycan xalqı öz Ümummilli Liderinə, böyük xilaskar oğluna olan sonsuz sevgi və ehtiramını nöbəti dəfə nümayiş etdirib. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin respublikaya 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra isə, Azərbaycan xalqının faciələri başlamışdır. Heydər Əliyevin 1987-ci ilin oktyabrında, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar. Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycan xalqının faciələri də məhz elə o gündən başladı. 1987-1993-cü illər arasında keçən hər gün Azərbaycan xalqı və dövlətçiliyi üçün yeni bir itki, növbəti bir fəlakətlə müşayiət olunub. Buna görə də Ulu Öndərimizin xatirəsi qədirbilən Azərbaycan xalqı üçün bu qədər əziz və doğmadır. Azərbaycanın bu gün bütün sahələrdə dinamik inkişaf yoluna çıxmasına, insanlarımızın rifah yüksəlişinə, ölkəmizin son illər bütün dünyada lider mövqelərə yüksəlməsinə biz hamımız məhz Heydər Əliyev dühasına borcluyuq.

- Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında olan sonsuz sayda müstəsna xidmətləri sırasında məhz Milli Qurtuluş Gününün mahiyyətini müəyyən edən amilləri də xüsusi yeri vardır. Bu baxımdan müstəqilliyimizin ilk illərində ölkədə cərəyan edən hadisələri necə şərh edərdiniz?

- Bu gün heç kim üçün sirr deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yadda qaldı. O vaxtkı iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bilirsiniz ki, xarici hərbi təcavüz, ölkə daxilində separatçı qüvvələrin baş qadırması, hakimiyyət uğrunda müxtəlif siyasi qüvvələrin silahlı qarşıdurmalara rəvac verməsi istənilən bir suveren dövlətin mövcudluğuna təhdid yaradan amillər kimi çıxış edir. 1991-1993-cü illərdə isə, bu amillərin hamısı ölkəmizdə eyni vaxtda mövcud idi. Həmin dövrün ən dəqiq tərifini Ulu Öndər Heydər Əliyev bu ifadələrlə vermişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Hadisələri düzgün qiymətləndirə bilməyən hökumət əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ən acınacaqlısı da budur ki, Azərbaycan xalqı əslində bu fəlakətlərə dücar olmaya da bilərdi. Əgər müstəqilliyimizin ilk günündən respublikaya rəhbərliyi Ulu Öndər həyata keçirmiş olsaydı xalqımız nə bu qədər itki verərdi, nə də bu qədər faciə yaşayardı. Lakin həmin dövrdə bir tərəfdən keçmiş SSRİ və Azərbaycan SSR rəhbərliyinin təqibləri, digər tərəfdən hakimiyyətə can atan yerli separatçıların və digər siyasətbazların məkrli planları qısa müddətə olsa da Azərbaycanı Heydər Əliyevsiz qoya bildi.

- Amma etiraf etməliyik ki, hətta bu qısa müddət də Azərbaycana çox baha başa gəldi. Elə deyilmi?

- Tamamilə düz deyirsiniz. Anarxiya, xaos və özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması nəticə etibarı ilə ölkə ərazisinin 20 faizinin işğalına yol açdı. Şuşa və Laçın faktiki olaraq düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində Kəlbəcər işğal altına düşdü. Ölkənin şimalında və cənubunda formalaşmış separatçı qüvvələr xarici düşmənlərin təhriki və dəstəyi ilə Azərbaycanı parçalamaq və müstəqil dövlətimizin vahid bir ölkə kimi mövcudluğuna son qoymaq üçün artıq hərəkətə keçmişdilər. Əlbəttə ki, bütün bu amillər ölkəni düçar olduğu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin ölkədə hakimiyyətə dönüşündə görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi və ölkəmizi qarşıda gözləyən daha dəhşətli bəlalardan, müsibətlərdən Azərbaycanı xilas etdi. Həmin gün, Azərbaycan sözün həqiqi mənasında böyük qurtuluşa doğru ən mühüm addımını atdı və bu addımla xalqımızı nicata aparan yola qədəm qoydu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ümummilli Lider öz xalqı, öz ölkəsi naminə istənilən çətinlik və təhlükələrlə üz-üzə gəlməyə hər zaman hazır idi. Məhz bu xilaskar missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Beləliklə, bu mühüm tarixi gün – 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu.

- Habil müəllim, bir qədər də Ümummilli Liderimizin müəllifi olduğu milli azərbaycançılıq ideologiyasının ölkənin bugünkü ictimai həyatında rolu barədə fikirlərinizi eşitmək istərdim.

- İlk növbədə birmənalı olaraq deməliyəm ki, cəmiyyətinin vahidliyinin təmin olunması məqsədilə milli ideologiyanın formalaşdırılması Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ilk mühüm addımlardan biri idi. Lakin bu proses heç də müstəqillik dövründə başlamayıb. Ümummilli Lider Heydər Əliyev hələ 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər görmüşdür. Həm də bu addımlar sovet siyasi senzurasının ən kəskin dövründə, bütün təhlükələrə rəğmən atılmışdı. Əgər Ümummilli Liderimizin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider öz fədakar fəaliyyətilə ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını yaratdı, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın bugünkü davamlı inkişafında özünü aşkar şəkildə büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Təsadüfi deyil ki, “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, - deyən Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.

- Birmənalı olaraq deməliyik ki, 2003-cü ildən sonra keçən dövr ərzində Heydər Əliyev siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bütün sahələrdə inkişafını yeni mərhələyə çıxarmaqla, bu mütərəqqi prosesə güclü dinamika gətirib. Bu barədə də oxucularımızla hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyevin müasir dünyada gedən geosiyasi və iqtisadi prosesləri nəzərə alaraq məharətlə və uğurla həyata keçirdiyi daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan artıq sadəcə regionda deyil, həm də bütün dünyada yüksək nüfuza malik, söz sahibi olan ölkələrdən birinə çevrilib. Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsini Zəfərlə başa vuran, öz ərazilərini öz gücünə işğaldan azad edən, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradan, nəhəng Avrasiya məkanının enerji xəritəsini yenidən cızan, minlərlə kvadrat kilometr sahəsi olan işğaldan azad edilmiş ərazilərini yenidən quran, dirçəldən bir ölkədir. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyin də getdikcə rolu artan etibarlı enerji təchizatçısıdır. Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu, dünyanın ikinci ən böyük beynəlxalq təsisatına rəhbərlik edən, həm də uğurla rəhbərlik edən bir ölkədir. Azərbaycanın istər Avropada, istərsə də dünyanın hər bir yerində dostlarının, ölkəmizlə strateji tərəfdaş olmaq niyyətlərini açıqlayan dövlətlərin sayı hər gün artır. Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan bütün ölkələr üçün əməkdaşlıq baxımından kifayət qədər cəlbedicidir. Müasir müstəqil Azərbaycan məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində belə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Bu günədək əldə olunmuş bütün böyük uğurların, möhtəşəm nailiyyətlərin əsasında isə, əlbəttə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

- Habil müəllim, maraqlı müsahibəyə və ətraflı, dolğun cavablarınıza görə Sizə təşəkkür edirəm. Sağ olun, növbəti görüşümüzədək.

- Siz də sağ olun, ümid edirəm ki, ən yaxın vaxtlarda yenidən görüşüb söhbətləşmək imkanımız olacaq.

Söhbətləşdi: Azər Məmmədov
aia.az
Geri dön