Ana Sayfa > Özəl > Şahin Xurşudov: “Azərbaycan öz möhtəşəm uğurlarını Heydər Əliyev İlində qürurla davam etdirir”
Şahin Xurşudov: “Azərbaycan öz möhtəşəm uğurlarını Heydər Əliyev İlində qürurla davam etdirir”12-06-2023, 09:00. Yazar: sevinc1 |
“1993-cü ilin yayında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi dövlətçilik tariximizin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcı oldu. Buna görə də Ümummilli Liderimizin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bu gün isə xalqımız özünün ən möhtəşəm bayramlarından biri olan Milli Qurtuluş Gününü Ulu Öndərimizin 100 illik yubileyinin qeyd olunduğu bir dövrdə, Heydər Əliyev İlində qeyd etməklə ikiqat fərəh hissi yaşayır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi-siyasi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə birlikdə ölkəni cəmi iki il ərzində ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi bizi gözləyən ən yaxın perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu da etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malik oldu. Bütün bunlara görə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ən yeni siyasi tarixinə ən önəmli hadisə kimi daxil oldu.” Bu sözləri saytımıza 15 iyun - Milli Qurtuluş Günü münasibətilə verdiyi açıqlamasında Gəncə Dövlət Universitsti Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov deyib. Daha sonra Şahin Xurşudov ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin suverenliyini məhz Ulu Öndər Heydər Əliyevin qoruyub-saxladığını vurğulayaraq, bu müstəqilliyin əldə olunması üçün tələb olunan ideoloji-siyasi əsasların Ümummilli Liderimiz tərəfindən hələ 1969-1982-ci illərdə yaradıldığını qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Etiraf olunmalıdır ki, Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə olunması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas strateji amil oldu. Məhz həmin tarixdən - Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi inkişafı başladı. Bu işlərə paralel olaraq, respublikamızda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi. Həmçinin 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm ciddi faktor oldu. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular.” Öz fikirlərini davam etdirən Şahin Xurşudov bu gün Ulu Öndərimizin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini və məhz bu əsasla Azərbaycanın yüksəlişə və dinamik inkişafa nail olduğunu vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikamız hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz uğurlarını Heydər Əliyev İlində davam etdirir”, - deyə Şahin Xurşudov fikirlərini tamamlayıb. Geri dön |