Ana Sayfa > Özəl / Seçki 2024 > Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı parçalanıb məhv olmaqdan xilas etdi

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı parçalanıb məhv olmaqdan xilas etdi


12-06-2023, 11:21. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı parçalanıb məhv olmaqdan xilas etdi

Bu bir tarixi faktdır ki, Azərbaycan xalqının faciələri ötən əsrin 80-ci illərinin sonlarında, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifələrdən, siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Belə ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə qəti etirazını bildirərək, tutduğu bütün vəzifələrdən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və xalqımızın faciələri də məhz o gündən başladı. Əlbəttə ki, Ulu Öndər hakimiyyətdə təmsil olunmaqda davam etsəydi, heç vaxt erməni millətçiləri belə tələblər irəli sürməyə cürət etməzdilər.
Lakin bu hadisələrdən cəmi bir neçə il sonra, tarix göstərdi ki, əslində öz içimizdə olan antimilli qüvvələr, bu dövlətə xarici düşmənlərimizdən daha böyük zərbələr vurmağa hazırdırlar. Müstəqilliyin ilk illərində Azərbaycanda iqtidarda olan siyasətbazların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndər Heydər Əliyev həmin illərdə gedən prosesləri xarakterizə edərkən belə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Ölkədə anarxiya, xaos, özbaşınalıq tüğyan edirdi, iqtisadiyyat çökmüşdü, əhalinin sosial durumu son dərəcə ağırlaşmışdı. Bütün bunlar torpaqların işğalı ilə nəticələndi, Şuşa, Laçın faktiki olaraq düşmənə təhvil verildi. Xəyanət nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə qurtuluş və nicat yoluna qədəm qoydu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Məhz bütün bunlara görə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı. Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüququnu təmin etdi. İnsan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması və s. kimi demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Uğurlu daxili siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Azərbaycanın malik olduğu iqtisadi resurslardan səmərəli isifadəni təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanasına nail oldu. Bu saziş Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və rolunu möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuzunu artırdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz sazişləri, Anlaşma memorandumları bu günümüz üçün möhkəm baza formalaşdırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi, əlaqələr regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycanı qurdu. Ümummilli Lider Azərbaycanı xalqa, azərbaycanlıları isə özlərinə qaytardı.
Son 20 ildə Heydər Əliyevin siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha yüksək zirvələri fəth etməkdədir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açdı. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan respublikamızın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirib, Azərbaycanı dünya miqyasında söz və nüfuz sahibinə çevirib. Azərbaycan xalqı bu il Milli Qurtuluş Gününü Heydər Əliyev İlində qeyd edir. Ulu Öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam bütün xalqın öz böyük xilaskar oğluna bəslədiyi sonsuz məhəbbət və ehtiramının bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əsrlər boyunca Azərbaycan xalqının qəlbində və əməllərində yaşayacaq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri


Geri dön