Ana Sayfa > Özəl > 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının xilas günüdür

15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının xilas günüdür


12-06-2023, 08:59. Yazar: sevinc1
15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının xilas günüdür

Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub.  Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.
Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. 
Dünya səviyyəli siyasi xadim və dövlət başçısı Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasət məktəbinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir.
Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri milli ordu yarada bilməmişdi. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dərin diplomatik gedişləri ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amillər Ulu Öndərimiz tərəfindən qoyulan milli birliyimiz, milli həmrəyliyimiz olub.
Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön