Ana Sayfa > Ölkə > BDYPİ-nin fəaliyyəti dövlətə sədaqət və xalqa ləyaqətli xidmət prinsipləri əsasında qurulub
BDYPİ-nin fəaliyyəti dövlətə sədaqət və xalqa ləyaqətli xidmət prinsipləri əsasında qurulub6-06-2023, 09:00. Yazar: sevinc1 |
1993-cü ildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın böyük xilaskar oğlu və Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. Həmçinin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bütün digər sahələrdə olduği kimi, daxili işlər orqanlarının fəaliyyətində də əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. Qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyinin bütün strukturlarında, o cümlədən Dövlət Yol Polisində aparılan əsaslı islahatlar davamlı xarakter almaqla öz effektiv nəticələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində hazırda DYP strukturlarının maddi-texniki bazası mütəmadi olaraq yenilənir və buna müvafiq olaraq xidməti fəaliyyət durmadan təkmilləşdirilir. Məlumdur ki, respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi birbaşa yol polisi orqanları əməkdaşlarının qarşısında durur. Birmənalı olaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsi bu vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə qurumun şəxsi heyəti tərəfindən belə bir çətin, ağır, eyni zamanda şərəfli xidmət sahəsində ötən illər ərzində bir sıra əhəmiyyətli uğurlar əldə edilmişdir. Bütün bu dövr ərzində Ramiz Zeynalovun fasiləsiz olaraq BDYPİ-nin rəhbərliyində olması, ilk növbədə onun yüksək peşəkarlığından və əlbəttə ki, şəxsi keyfiyyətlərindən xəbər verir. Həqiqətən də Ramiz Zeynalov rəhbərlik etdiyi bütün heyətə hər zaman dövlətə və dövlətçiliyimizə, Ölkə Prezidentinə sədaqətlə xidmətin nümunəsi olub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə Ramiz Zeynalova polis general-mayoru rütbəsi verilmişdir. Bundan başqa cənab generalın təltifləri sırasında 1995-ci ildə layiq görüldüyü “İgidliyə görə” medalı və 2006-cı ildə təltif olunduğu “Vətən uğrunda” medalı və 2018-ci ildə təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni xüsusi yer tutur. Ramiz Zeynalov BDYPİ-nin rəisi vəzifəsinə təyin olunana qədər şərəfli bir ömür yolu keçmiş, zəngin həyat və iş təcrübəsinə sahib olmuşdur. Generalın məhz bu keyfiyyətləri və əlbəttə ki, onun öz işini dövlətimizə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında düzgün qurması bu gün BDYPİ-nin fəaliyyətinin effektivliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Həqiqətən də bu gün BDYPİ strukturlarında çalışan hər bir zabit, çavuş və ya sıravi polis nəfəri məhz Ramiz Zeynalovun rəhbərliyi altında işlədiyinə görə qürur duya bilər. Eyni zamanda belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, istənilən bir qurumun uğurlu fəaliyyəti ilk növbədə həmin qurumun struktur bölmələrinin səmərəli fəaliyyətilə təmin edilir. Əminliklə deyə bilərik ki, bu gün general-mayor Ramiz Zeynalovun rəhbərlik etdiyi BDYPİ-nin və idarənin struktur bölmələrinin əməkdaşları da öz vəzifə borclarının öhdəsindən layiqincə gələ bilirlər. O cümlədən hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi, yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması yönümündə vəzifələrin effektiv icrası BDYPİ-nin struktur bölmələrinin fəaliyyətində prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bir sözlə, general-mayor Ramiz Zeynalovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin səmərəli fəaliyyəti bu gün ölkədə yol hərəkətinin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Əlbəttə ki, iş gedən yerdə, gərgin fəaliyyət olan yerdə müəyyən qüsur və nöqsanlarsız da ötüşməyəcək. O cümlədən bütün DYP strukturlarında xidməti fəaliyyətin necə deyərlər, yeddi gün, 24 saat boyunca tam ideal şəkildə, heç bir ən kiçik nöqsana belə yol verilmədən həyata keçirələcəyini də düşünmək düzgün olmazdı. Sadəcə olaraq məsələ bundadır ki, həmin nöqsanlar vaxtında rəhbərlik tərəfindən tam ciddiliyi ilə araşdırılmalı və onların gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlər görülməlidir. Təqdirəlayiq haldır ki, BDYPİ-nin fəaliyyəti də məhz bu prinsiplər əsasında qurulub. Lakin bütün bunlara rəğmən, bəzən mətbuat səhifələrində hansısa sıravi və yaxud kiçik vəzifəli DYP əməkdaşının öz işində yol verdiyi xırda bir nöqsanla bağlı həddindən artıq şişirdilmiş, təhrif olunmuş faktlar əsasında hazırlanmış yazıların dərc olunduğunu görürük. Ən pisi də budur ki, belə yazıların oxucu kütləsini cəlb etməsi üçün çox zaman ümumiyyətlə yolverilməz üsullardan istifadə edilir. Belə üsullardan biri də məhz sərlövhənin yanında BDYPİ rəhbərliyinin, bəzən isə bir başa cənab Ramiz Zeynalovun fotosunun yerləşdirilməsidir. Əlbəttə ki, nə Ramiz müəllimin, nə də onun rəhbərlik etdiyi qurumun bizim müdafiəmizə qətiyyən ehtiyacı yoxdur. Bununla belə, hesab edirik ki, bu kimi “fəndlərə” yol verən bəzi həmkarlarımıza haqlı iradlarımızı bildirmək bizim də borcumuzdur. Bu baxımdan birmənalı olaraq bəyan edirik ki, uzun illərdən bəri dövlətə və xalqa ləyaqətlə xidmət edən yüksək vəzifəli məmurlara qarşı, öz şərəfli xidməti ilə yüksək dövlət mükafatlarına layiq görülmüş generallarımıza qarşı “qara piar” kampaniyalarının aparılması yolverilməzdir və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır. Azər Məmmədov aia.az Geri dön |