Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında olan qədim dostluq münasibətləri əsasında inkişaf edir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında olan qədim dostluq münasibətləri əsasında inkişaf edir”


31-05-2023, 10:32. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında olan qədim dostluq münasibətləri əsasında inkişaf edir”

“Bu gün Azərbaycanla səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də İsrail dövlətidir. Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük töhfədir. Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması isə, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Qeyd olunmalıdır ki, ilk yəhudi icmaları Azərbaycanda bir əsrdən də çox müddət əvvəl meydana gəlib. Xalqlarımız arasında dostluq əlaqələri isə daha qədim tarixi köklərə malikdir. Azərbaycanın sözün həqiqi mənasında tolerant dövlət olması imkan vermişdir ki, ölkəmizdə yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər.”

Mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bu fikirləri deyib.

Deputat həmçinin Azərbaycan ilə İsrail arasında ən müxtəlif sahələrdə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb: “Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarını keçir. Bu əlbəttə ki, kifayət qədər böyük rəqəmdir. Lakin dövlət başçımız növbəti illərdə bu göstəricilərin daha da artacağını anonsladı. Həm də diqqətəlayiq haldır ki, perspektivdə iki ölkə arasında ticarət dövriyyəsinin enerji amilindən getdikcə daha az asılı olacağı ehtimalı bu gün çox yüksəkdir. Bununla belə Azərbaycan uzun illərdir ki, İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində ölkələrimiz arasında məhz enerji sahəsində sıx əməkdaşlığın nümayişidir. Buna görə də Azərbaycan və İsrail Prezidentlərinin görüşü zamanı xüsusi olaraq enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də ətraflı müzakirə olunub. Təqdim olunan açıqlamalarda investisiya layihələri, interkonnektorların yaradılması məsələsi və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələrinin əsas müzakirə mövzuları olduqları bildirilir. Eyni zamanda hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsinin Azərbaycan dövləti üçün prioritet məsələ olduğu nəzərə alınaraq İsrailin irriqasiya və kənd təsərrüfatı sahəsində nailiyyətlərindən istifadə imkanlarının genişləndirilməsi də gündəmdə olan vacib mövzulardandır.”

Daha sonra A.Naxçıvanlı Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik və müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən bəhs edib: “Öz çıxışında cənab Prezident İlham Əliyev İsrail dövləti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın böyük perspektivlərə malik olduğunu vurğulayıb. Həqiqətən də bu gün qloballaşan dünyada texnologiyaların getdikcə daha çox məsələni həll etməsi nəzərə alınaraq kibertəhlükəsizlik artıq bütün ölkələrin milli təhlükəsizliyində əsas istiqamətlərdən biri kimi çıxış edir. Bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsini nəzərə alsaq bu əməkdaşlığın Azərbaycana böyük fayda verəcəyini birmənalı deyə bilərik. Həmçinin bu sahədə əməkdaşlıq gənc nəslin təlimi və tədrisi məsələlərində də mühüm amil kimi çıxış edəcək. Müdafiə sənayesi isə Azərbaycan ilə İsrailin artıq uzun müddətdir ki, səmərəli əməkdaşlıq etdikləri sahələrdəndir. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına, texnologiyalarına çıxışı var. Bu da öz növbəsində ölkəmizə öz müdafiə qabiliyyətini daha da artırmağa, milli maraqlarımızın və ərazi bütövlüyümüzün müdafiəsini daha etibarlı təşkil etməyə əlavə imkanlar yaradır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Geri dön