Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Qarabağ bölgəsində yaşayan ermənilər onlara verilən bəlkə də son fürsəti qaçırmamalıdırlar”
Novruzəli Aslanov: “Qarabağ bölgəsində yaşayan ermənilər onlara verilən bəlkə də son fürsəti qaçırmamalıdırlar”31-05-2023, 10:23. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyev bütün Azərbaycan xalqı üçün əlamətdar olan bir tarixdə, 28 May – Müstəqillik Günündə yenidən qurulan Laçın şəhərində öz doğma yurdlarına qayıdan əhali ilə görüşdü. Həmin gün dövlətimizin başçısı laçınlılara onların 30 il gözlədikləri, həyatlarının ən böyük və ən önəmli hədiyyələrini – Laçındakı yeni evlərinin açarlarını təqdim etdi. Məlum olduğu kimi, birbaşa hərbi əməliyyatlar yolu ilə azad edilmiş digər rayonlardan fərqli olaraq, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm də parlaq siyasi qələbəsinin bir nümayişi oldu. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq bir daha xatırlatdı ki, II Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdamın böyük hissəsi hələ də işğal altında idi. Hələ hərbi əməliyyatların davam etdiyi vaxt cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, yalnız Ermənistan rəhbərliyi bizim torpaqlarımızdan öz qoşunlarını nə zaman çıxaracaqlarına dair dəqiq tarix göstərdikdən sonra Azərbaycan müharibəni dayandıra bilər. Şuşa işğaldan azad olunandan Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində cənab Prezident İlham Əliyevin təkidləri nəticəsində yeni yolun çəkilişindən sonra Laçın şəhərinin Azərbaycana qaytarılacağına dair razılaşma əldə olundu. Üç ilə çəkiləcəyi nəzərdə tutulan həmin yolu Azərbaycan ilyarıma inşa etdi. 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürüldü, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Həmin tarixdən sonra gedən proseslər də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra cərəyan edən bütün digər hadisələr kimi, Ermənistan bir ibrət, dərs olmalıdır. Dövlət başçımızın dediyi kimi, cari ilin 23 aprel tarixində Azərbaycanın Ermənistanla sərhəddində qoyulan sərhəd-buraxılış məntəqəsi isə, həm də bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır. Bu fakt separatçıların hansısa xarici qüvvələrin gəlib Azərbaycanla müharibə aparacağına və onlar üçün hansısa status almağa nail ola biləcəklərinə dair xülyalarının boş cəfəngiyyat olduğunu bir daha vurğuladı.” Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov AİA.Az-a verdiyi açıqlamasında deyib. Prezident İlham Əliyevin Laçına qayıdan sakinlərlə görüşü zamanı etdiyi çıxışında bir çox önəmli siyasi məqamların yer aldığını vurğulayan deputat həmçinin bildirib ki, Ermənistan hökuməti ona verilən növbəti, bəlkə də sonuncu şansdan yararlanmaq üçün ciddi səy göstərməlidir: “İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan özünün həm iqtisadi, həm siyasi və həm də hərbi gücünü kifayət qədər nümayiş etdirdi. Bu gün həmin göstəricilər artıq bir neçə dəfələrlə daha yüksəkdirlər. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əgər müharibə dövründə heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün, artıq bütün ərazilərimizə yenidən sahib olandan sonra ümumiyyətlə bu barədə kimsə düşünə bilməz. Qarabağ bölgəsi bizim əzəli, tarixi torpağımızdır və bu, beynəlxalq hüquqla da təsdiq olunub. Bu torpaqlarda daimi yaşamaq istəyən insanlar yalnız Azərbaycan vətəndaşları ola bilərlər. Azərbaycan dövləti müharibədən sonra keçən iki il yarım ərzində qarşıya qoyduğu bütün məqsədlərinə planlı şəkildə nail olub və bu gün artıq həmin planların tam başa çatmasına çox az qalıb. Buna artıq heç kimin şübhəsi yoxdur. Hətta Ermənistan hökuməti özü belə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın da bu ərazinin ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. Yəni, əslində 10 noyabr Bəyanatının imzalandığı gün darmadağın olmuş “Miatsum” xülyası bu gün artıq tarixin zibilliyinə birdəfəlik atılıb. Artıq nə müstəqillik xülyası, nə də status tələbləri aktual deyil. Bu gün Ermənistanın müzakirəyə çıxarmaq istədiyi yeganə mövzu Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlıdır. Lakin bu da Azərbaycanın daxili məsələsi olduğu üçün, dövlətimiz bu mövzunu heç bir xarici ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəldikdə isə, əlbəttə ki, Azərbaycan bunu stabil və tolerant dövlət olaraq istənilən digər bir ölkədə olduğundan daha güvənli şəkildə təmin etməyə qadirdir və hazırdır. Lakin bunun üçün həmin insanlar da müvafiq addımlar atmalı – Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunlarına tabe olmalı, loyallıq nümayiş etdirməlidirlər. Məhz bu halda Qarabağda yaşayan ermənilər də ölkəmizin bütün digər vətəndaşları kimi, eyni hüquq və imtiyazlardan yararlanacaqlar və onların təhlükəsizliyi dövlətimiz tərəfindən təmin olunacaq. Təbii ki, Qarabağda bu gün hələ də hansısa gülünc iddialarla çıxış etməyə çalışan qondarma separatçı rejim dərhal ləğv olunmalıdır. Bu rejimin heç bir tarixi və siyasi dəyəri olmayan saxta “dövlət atributları” öz əzəli yerinə, zibil yeşiyinə atılmalı, “parlament” adlandırılan qurum buraxılmalı, özünü dünyaya “prezident” kimi təqdim etməyə çalışan cinayətkar şəxs təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri isə, hələ də qalan amnistiya olunmaq şanslarını itirməmək üçün öz vəzifələrini dərhal kənara qoymalıdırlar. Bu, Azərbaycanın real təklifi və prinsipial mövqeyidir. Cənab Prezident öz çıxışında bir daha diqqətə çatdırdı ki, son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq ölkəmizin bu mövqeyi ilə tamamilə razılaşıblar. Çünki, Azərbaycan bütün tələblərində haqlıdır və yalnız ədalətli mövqelərdən çıxış edir. Hər kəs bilməlidir ki, bütün bunları Azərbaycan özü də təmin edə bilər. Buna görə də Qarabağ bölgəsində yaşayan ermənilər bu, bəlkə də son fürsəti qaçırmamalıdırlar. Eyni zamanda Ermənistanın da Azərbaycanla sülh sazişi imzalamağa tələsməsi ilk növbədə bu ölkənin öz marağındadır. Lakin bu halda da Azərbaycanın şərtlərinə bütünlüklə əməl olunmalıdır. İlk növbədə delimitasiya bizim ədalətli şərtlərimiz əsasında həyata keçirilməlidir və sülh müqaviləsi beynəlxalq şərtlər əsasında tərtib olunmalıdır. Əlbəttə ki, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Əks halda Azərbaycan öz sərhədlərini özü də istədiyi kimi müəyyən edə bilər və buna heç kim mane ola bilməz.” Sonda N.Aslanov bu gün Laçında aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib: “Bu gün Azərbaycan özünün işğaldan edilmiş ərazilərində iri miqyaslı bərpa və yenidənqurma işləri aparır. 30 il düşmən tapdağı altında qalmış, talan edilmiş, dağıdılmış və viran qoyulmuş şəhərlərimiz, qəsəbə və kəndlərimiz yenidən tikilir. Bütün bu işlər əlbəttə ki, Azərbaycanın iqtisadi müstəqilliyinin nə qədər real və nə qədər güclü olduğunu bir daha nümayiş etdirir. O cümlədən cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub və öz doğma şəhərlərinə geri dönən əhalinin sərəncamına verilib. Artıq ilk 20 ailə artıq mayın 27-dən Laçında yerləşib. Öz çıxışında bu barədə verdiyi açıqlamasında cənab Prezident İlham Əliyev bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də daha çox insan yaşayacaqdır. Ötən müddət ərzində şəhərdə 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Buna paralel olaraq indi tibb məntəqəsində işlər başa çatmaq üzrədir. Yeni dərs ilinin başlanmasına isə, məktəb də hazır olacaq. Bundan başqa, əhalinin işlə təmin olunması üçün onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılır və bunlarda 1100-dən artıq iş yeri açılacaq. Başqa sözlə, Laçın şəhərində həm yaşamaq, həm də işləmək üçün bütün şərait yaradılır və bu işlər birbaşa dövlətimizin ciddi nəzarəti altında, ən yüksək səviyyədə həyata keçirilir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |