Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin sərt mesajları ədalət prinsiplərinə əsaslanır

Prezident İlham Əliyevin sərt mesajları ədalət prinsiplərinə əsaslanır


31-05-2023, 09:48. Yazar: sevinc1
Prezident İlham Əliyevin sərt mesajları ədalət prinsiplərinə əsaslanır

2011-ci il dekabrın 24-də Ölkə Prezidenti cənab İlham Əliyev o zaman hələ məcburi köçkün həyat yaşayan laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdü. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. Həmin görüşdə möhtərəm dövlət başçımız etdiyi tarixi çıxışında demişdi ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik. Bu gün məhz həmin gündür. Cari ilin ən əlamətdar tarixlərindən birində, 28 May – Müstəqillik Günündə cənab Prezident İlham Əliyev 12 il əvvəl müjdələdiyi həmin günün sevincini təkcə laçınlılara deyil, bütün xalqımıza yaşatdı. Azad edilmiş və bu gün yenidən qurulan Laçın şəhərində vətəndaşlara onların yeni evlərinin açarlarını təqdim etməklə dövlətimizin başçısı Azərbaycanın Qarabağa və Şərqi zəngəzura əbədi qayıtdığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Dövlətimizin başçısı öz çıxışında 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizə məhz hərbi-siyasi xarakter verən Laçın, Kəlbəcər və Ağdam rayonlarının Azərbaycana qan tökülmədən geri təhvil verilməsi faktının əhəmiyyətini bir daha qeyd etdi. Məlumdur ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işğal altında idi. Lakin bunun da müvəqqəti hal olduğu heç kimdə şübhə doğurmurdu. Çünki müharibə zamanı cənab Ali Baş Komandan dəfələrlə demişdi ki, Ermənistan rəhbərliyi torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaqlarına dair dəqiq tarix göstərməlidirlər və yalnız bu şərtlə Azərbaycan hərbi əməliyyatları dayandıra bilər. Şuşa və bir çox kəndlər hərbi yolla işğaldan azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur oldu. Lakin bundan sonra da Laçın şəhəri bir müddət ermənilərin nəzarətində qaldı. Səbəb də bu idi ki, əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Bununla belə məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində cənab Prezident İlham Əliyev nail oldu ki, yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Diqqətəlayiq haldır ki, yolun hələ razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdisə də, Azərbaycan cəmi ilyarım ərzində bu yolu inşa etdi və keçən ilin avqust ayının əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərildi ki, onlar buradan çıxmalıdırlar. Ondan sonra şəxsən cənab Prezident İlham Əliyevə müraciət edilərək xahiş olundu ki, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Dövlətimizin başçısı bu dəfə humanistlik göstərərək razılaşdı. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.
İstər Ermənistan, istərsə də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər II Qarabağ savaşının nəticələrindən və müharibədən sonra keçən dövr ərzində gedən proseslərdən özləri üçün düzgün nəticə çıxarmalıdırlar. Xüsusən də cari ilin aprel ayının 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağda yaşayan ermənilər üçün əhəmiyyətli bir dərs olmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, onlar bu günə qədər hələ də kiməsə arxalanırlar və öz fantaziyalarında reallaşması mümkün olmayan xülyalar yaşadırlar. Əlbəttə ki, ermənilərin kimlərinsə gəlib onlara görə Azərbaycanla müharibə aparacağına dair bəslədikləri ümidlər tamamilə cəfəngiyyatdır. Əgər İkinci Qarabağ müharibəsi zamanı heç kim Azərbaycana qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün belə bir ehtimal ümumiyyətlə yoxdur. Ermənilərin yaşadıqları Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq hüquqi aktlarda da təsbit edilmiş əzəli, tarixi torpağıdır. Ermənilər də bu torpaqlarda yalnız Azərbaycan Bayrağı altında yaşaya bilərlər. Azərbaycan Prezidenti may ayının 28-də Laçın şəhərindən öz mesajını açıq mətnlə bir daha səsləndirdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq.”
Bu sərt mesaj tamamilə ədalət prinsiplərinə əsaslanır və əslində Qarabağda yaşayan ermənilər üçün yeganə doğru seçim, əlverişli fürsətdir. Əgər onlar bu fürsəti qaçırmasalar, qanunlara tabe olsalar, bu zaman bütün Azərbaycan vətəndaşlarının istifadə etdikləri hüquq və imtiyazlara sahib ola bilərlər. Ermənistan isə, vaxtı uzatmaqdansa, Azərbaycanla sülh sazişini imzalamağa hər kəsdən çox tələsməlidir. Bunun üçün də delimitasiya ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında hazırlanmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Əks halda Azərbaycan hətta sərhədlərin delimitasiyasını da özü bildiyi kimi apara bilər və bunun qarşısını heç kim ala bilməz.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Geri dön