Ana Sayfa > Özəl > Heydər Əliyev – gənclər siyasəti və sabahın alimləri” adlı tədbir keçirilib

Heydər Əliyev – gənclər siyasəti və sabahın alimləri” adlı tədbir keçirilib


30-05-2023, 16:50. Yazar: sevinc1
Heydər Əliyev – gənclər siyasəti və sabahın alimləri” adlı tədbir keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Polimer Materialları İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – gənclər siyasəti və sabahın alimləri” adlı tədbir keçirilib

AİA.Az xəbər verir ki, 30 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Sumqayıt şəhər Gənclər evində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev – gənclər siyasəti və sabahın alimləri” adlı tədbir keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov iclası giriş sözü ilə açıb. Sonra Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Elgün Hümbətov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, Sumqayıt şəhərində gənclərin inkişafı, məşğulluğu və asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətlərində görülən işlərdən danışıb.
Sonra Polimer Materialları İnstitutunun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva tariximizin parlaq simalarından biri olan Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən bəhs edib. O, qətiyyətli dövlət başçısı, uzaqgörən siyasətçi, müdrik dövlət xadimi, məsuliyyətli vətəndaş, vətənini və millətini böyük məhəbbətlə sevən dünya şöhrətli liderin Azərbaycanın tərəqqisi yolunda əvəzsiz xidmətlərindən danışıb. Solmaz Rzayeva böyük şəxsiyyətin ideyalarının daim yaşayacağını, gələcək nəsillərə örnək olaraq miras qalacağını bildirib.

Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyatı, oftalmologiyanın inkişafına verdiyi töhfələr, Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma, gözün peşə xəstəliklərinə dair apardığı fundamental tədqiqatlar, işləyib-hazırladığı effektli müalicə metodları və profilaktik tədbirlərdən danışıb.
Tədbirdə Poliefir- və polikarbonat materiallar laboratoriyasının kiçik еlmi işçi Ülviyyə İsmayılovanın “Heydər Əliyevin Sumqayıt şəhərinə xüsusi diqqəti”, Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyasının kiçik elmi işçi Gülgün Xanbabayevanın “Heydər Əliyevin xarici siyasəti”, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının kiçik еlmi işçi Sevda Abdalovanın “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” mövzularında məruzələri dinlənilib.
Vətən Müharibəsi qazisi polkovnik-leytenant Ehtiram Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü misilsiz işlərdən, mahir siyasətçinin daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsi sahələrindəki xidmətlərindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən danışıb.
Sonda Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək Heydər Əliyev və Zərifə Əliyevanın 100 illik yubileylərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamlarına əsasən bir sıra silsilə tədbirlərin keçirildiyini bildirib. Bəxtiyar Məmmədov Heydər Əliyevin Azərbaycan elminin inkişafı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun strategiyaların həyata keçirilməsi məqsədi ilə elmin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, uzaqgörən rəhbərin başladığı işlərin onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdiyini bildirib. Alim gənclərin hərtərəfli qayğı ilə əhatə olunduqlarını, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini və gənclərin onlara verilən imkanlardan layiqincə istifadə etmələrinin təqdirəlayiq olduğunu söyləyib. O, qeyd edib ki, gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Tədbirin sonunda Elgün Hümbətov iştirakçılara təşəkkürünü bildirərək belə tədbirlərin keçirilməsinin faydalı olduğunu vurğulayıb. 
Geri dön