Ana Sayfa > Özəl > 30 may Mahsun Bağırzadənin doğum gündür
30 may Mahsun Bağırzadənin doğum gündür30-05-2023, 09:48. Yazar: sevinc1 |
Vətən yolunda şəhid olmağa gülə-gülə gedən oğlan İkinci Qarabağ müharibəsində tarix yazan, Vətən torpaqlarını qanları, canları bahasına azad edən Azərbaycanın qəhrəman övladlardan söz düşəndə Mahsun Zahir oğlu Bağırzadənin adı böyük iftixarla, qürurla çəkilir. Lənkəran rayonu, Xanbulan kəndində dünyaya göz açan, qəlbi sevdalı gənc bu işıqlı dünyada 24 il yaşasa da, özündən sonra bizlərə əsrlər boyu hərarətini itirməyən Vətənə, torpağa ilahi məhəbbətdən gözəl mənəvi sərvət qoyub getdi. Mahsun Bağırzadə Lənkəran Regional Elmi mərkəzində çalışırdı. El-obada, çalışdığı kollektivdə xeyirxah insani keyfiyyətlərinə, saf əqidəsinə, hərtərəfli, zəngin dərrakəsinə görə hörmət sahibi idi. Gözəl daxili hisslərə malik olmaqla daim adamlarla yaxşı ünsiyyət qururdu. Necə deyərlər, nəcib istəyini, niyyətini xalqın, dövlətin mənafeyi naminə yönəldə bilirdi. Bütün bunlarla bərabər, Vətəninə ürəkdən bağlı olan gənci yağı tapdağına dönən Qarabağ torpaqları çox narahat edirdi. Əlinə silah alıb döyüş meydanında düşməni əzməyə hər an hazır idi. Odur ki, Vətən müharibəsi başlanan günü müqəddəs yurd yerimiz Qarabağın azadlığı naminə könüllü odun-alovun içinə atılır, mahir pulemyotçu kimi düşmənin bağrına çat salan bir qəhrəmana çevrilir. Mahsunun döyüş yolu Füzulidən başlanır. Sona qədər erməni faşistləri ilə döyüşüb qisas almağa and içən Vətən oğlu elə Füzulidə şəhidlik zirvəsinə ucalır. Şərəfli ölümü ilə Mahsun özünə xalqın ürəyində əzəmətli abidə ucaltdı. Qardaşı Mahir bildirir ki, Mahsun doğma Azərbaycanın hər yerini ürəkdən sevirdi. Döyüş meydanında gücünü erməni dığalarına göstərmək amalı ilə yaşayırdı. Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verək ki, bilsinlər, kim kimdir. Atası Zahir kişi də qəhrəman oğlu ilə qürur duyur. Söz düşəndə deyir: “Elə bil özü, gülə-gülə şəhid olmağa getdi. Çox çətindir, amma şəhid adı ilə əbədi bir ad qazandı oğlum. O, bizim səcdəgahımızdır. Bundan sonra o tək mənim deyil, bütün Azərbaycanın oğludur”. Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev isə Mahsunun işgüzar olmaqla yanaşı, hamının sevimlisi olduğunu, verilən bütün tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyini söyləyir. “Çalışqanlığı ilə böyükdən-kiçiyə hamının hörmətini qazanmışdı. Belə gənc tərbiyə etdiyinə görə Bağırzadələr ailəsinə minnətdarlığımı bildirirəm”. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |