Ana Sayfa > Özəl > Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir


29-05-2023, 12:23. Yazar: sevinc1
Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir

Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi.
Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi statistik rəqəmlərə nəzər salmaq istərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.
Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını öz maraqlarına uyğun çatdırması bir daha müstəqilliyi formal xarakter daşıyan bir dövlət üçün ədalət və beynəlxalq hüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir. 
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.

Nəsimi rayon İctimai Şuranın sədr müavini
Hacıyeva Gülnarə
Geri dön