Ana Sayfa > Özəl > 105 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin izi ilə
105 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin izi ilə28-05-2023, 14:39. Yazar: sevinc1 |
105 il öncə, 1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Müstəqilliyini elan etdikdən 19 gün sonra, iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçüb. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada 1918-ci il iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın yeddinci iclası keçirilib. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Fətəli xan Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında qətnamə qəbul edilib. Xoyskinin birinci və ikinci hökuməti məhz bu binada fəaliyyət göstərib. Üzərində səkkizguşəli ulduz və aypara təsviri olan bayraq ilk dəfə bu binada qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi bina şəhərin Atatürk prospekti, 262 ünvanında yerləşir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. Abidə xalq arasında “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınır. Bina Gəncənin memarlıq üslubuna uyğun olaraq, bişmiş kərpicdən tikilib. Bina 1897-ci ilin martında Gəncəyə şəhər özünüidarə hüququ verildikdən sonra inşa edilib. Burada əhalinin Duma adlandırdığı “Zemstvo” idarəsi yerləşdirilib. Bu idarə şəhər küçələrinin, bağlarının, sanitariya və təhsil müəssisələrinin, ticarətin qaydaya salınması üçün çalışırdı. 1908-ci ildə isə bina Gəncə qubernatorunun iqamətgahı olub. 1931-ci ildən etibarən binada Gəncəyə köçürülmüş Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) yerləşdirilir. Hazırda bina ADAU-ya məxsusdur və burada Azərbaycan "Xalq Cümhuriyyəti Muzeyi" fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır. Azər Tağızadə AİA.Az Geri dön |