Ana Sayfa > Özəl > Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür
Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür27-05-2023, 10:17. Yazar: sevinc1 |
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Laitvanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Qeyd edək ki, Azərbaycan və Litva tarixi əlaqələrə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli şəxsiyyət Vincas Kreve-Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) litvalı dövlət xadimi və yazıçı Vincas Kreve-Mickevicisun adını daşıyan auditoriya var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun Baş Qərargah rəisi olmuş general-leytenant Məhəmməd (Matvey, Matsey) Sulkeviç mənşəcə Litva tatarlarındandır. 1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra o, bolşeviklər tərəfindən həbs olunub və Bayıl həbsxanasında güllələnib. Azərbaycanın görkəmli dövlət xadimi olan general-leytenant güllələnmə üçün aparılarkən “Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm” söyləyib. Cümhuriyyət dövründə “Kriçinski qardaşları” da məşhur olublar. Belə ki, Aslan bəy Kriçinski Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin dəftərxanasının rəhbəri olub. Cümhuriyyət süqut etdikdən sonra o, əvvəlcə İstanbula, sonra Vilnüsə gedib. Onun “Vilnüs məscidinin tarixi” adlı elmi əsəri də var. Aslan bəy Kriçinskinun buraxdığı “Tatar salnaməsi” jurnalının ilk sayı müəllifi olduğu “Milli hərəkat və Litva tatarları” məqaləsi ilə açılır. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdəbiri deməkdir.Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edək ki, bu səfər Prezident İlham Əliyevin Litvaya sayca 4-cü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı Litvaya bir rəsmi və iki işgüzar səfərlər edib. Rəsmi səfər 2007-ci il sentyabrın 13-14-də, işgüzar səfərlər isə Vilnüs Enerji Təhlükəsizliyi Konfransı ilə əlaqədar 2007-ci il oktyabrın 10-11-də, Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı isə 2013-cü il noyabrın 29-da reallaşıb. Cənab Prezident mətbuata bəyanatında qeyd edib: “Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk, - deyən dövlət başçımız qeyd edib ki, Prezident Nausedanın Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu Memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.Məlumdur ki, Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir. İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.” Ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşdüyünü qeyd edən Prezident "Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir", - deyə vurğulayıb Bu görüşlərin keçirilməsi və mühüm sənədlərin imzalanması göstərir ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərməkdədir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |