Ana Sayfa > Özəl > Litva və Azərbaycan Respublikaları vahid mövqedən çıxış edir

Litva və Azərbaycan Respublikaları vahid mövqedən çıxış edir


26-05-2023, 14:11. Yazar: sevinc1
Litva və Azərbaycan Respublikaları vahid mövqedən çıxış edir

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib.
Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir.
Qeyd edək ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.
Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.
Bundan əlavə, 2008-ci il aprelin 21-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Komissiyanın həmsədrləri iki ölkənin xarici işlər nazirləridir. Komissiyanın 7-ci iclası bu ay - mayın 8-də Vilnüsdə keçirilib.
Mayın 22-də Azərbaycan Respublikasınınm Prezidenti cənab İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərinin həllində, eləcə də siyasi və iqtisadi maraqların uzlaşdırılması baxımından çox mühüm əhəmiyyətə malikdir. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki ölkə başçısı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bundan sonra da siyasi və iqtisadi əlaqələrin inkişaf etdiriləcəyini bildirmişlər.
Ölkəmizin başçısı cənab İlham Əliyev görüş zamanı bir sıra mühüm sənədlərin imzalanmasını bildirərək bəyanatında demişdir: “Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib. Siyasi müstəvidə əldə edilmiş razılaşmaların bütün digər sahələrə də müsbət təsirini göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək: "Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır".
Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk, - deyən dövlət başçımız qeyd edib ki, Prezident Nausedanın Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu Memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.Məlumdur ki, Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir. İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.
Avropa İttifaqı və NATO ilə əmkdaşlığa xüsusi önəm verən dövlət başçımız bu əlaqələrin inkişaf dinamikasından bəhs edərək bildirmişdir ki, bu təşkilatlarla əlaqələrin inkişafı vacibdir. Avropanın enerji təchizatında həyata keçirilən bütün layihələr bizim tərəfdaşlarımızın artmasına səbəb olur. Ölkə başçısı qeyd etmişdir ki:” Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.”
İmzalanan sənədlər, mövcud münasibətlər ölkələr arasında bir çox sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olacaqdır. Vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Geri dön