Ana Sayfa > Özəl > YAP Şirvan şəhər təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

YAP Şirvan şəhər təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib


25-05-2023, 21:40. Yazar: sevinc1
YAP Şirvan şəhər təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

AİA.Az xəbər verir ki, 25 may 2023-cü il tarixində YAP Şirvan şəhər təşkilatının və ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə Müstəqillik Günü münasibətilə əlaqədar "Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti" mövzusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsini giriş nitqi ilə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov tədbir iştirakçıların salamlayaraq açdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. Cəmi iki il mövcud olan şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdi.
M.Ə.Rəsulzadə küçəsi 57 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini Samirə İsmayılova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırdı. Dövlət quruculuğu istiqamətində mühüm uğurlara imza atmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərq xalqlarının azadlıq mübarizəsində hərəkətverici amillərdən biri kimi xarakterizə etdi.
Daha sonra çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Günel Əliyeva, Samirə Hüseynova və Fidan Məlikova Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs etdilər.
Sonra M.Osmanov adına 20 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompazisiya təqdim olundu.
Sonda tədbir iştirakçıları Müstəqillik Günü ilə bağlı videoçarxı izlədikdən sonra, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təntənəli surətdə təqdim olundu.

Geri dön