Ana Sayfa > Özəl > Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə

Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə


25-05-2023, 14:34. Yazar: sevinc1
Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə

Gəncədə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə müştərək əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə regional müşavirə keçirilib.

aia.az xəbər verir ki, müşavirədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, təsərrüfat və kommunal xidmətlərin rəhbərləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri, Qərb bölgəsindən olan sahibkar və fermerlər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış fəaliyyət planı barədə məlumat verilərək qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin təşkilinin əhəmiyyəti vurğulanıb.
Yay mövsümünün gəlişiylə əlaqədar ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.

Azər Tağızadə
Geri dön