Ana Sayfa > Özəl > “Bir yalanın sirri”, yaxud sayt hay-küylü yazısını niyə sildi?
“Bir yalanın sirri”, yaxud sayt hay-küylü yazısını niyə sildi?25-05-2023, 09:45. Yazar: sevinc1 |
Çox şərəfli və tarixi keçmişi olan Azərbaycan mətbuatı bu günümüzə heç də asanlıqla gəlib çıxmayıb. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız “Əkinçi” qəzeti ilə oxucularının görüşünə gələndə ilk növbədə məramı insanlar arasında maarifçilik ideyaları yaymaq, onları savadlandırmaq və düzgün yol göstərmək olub. Sonralar dahi Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında da dövrün, zəmanənin eybəcərlikləri, problemləri, din, xurafat adı ilə meydan sulayan mollaların iç üzünün açılması ön plana çəkilib. Hər iki mətbu orqan millətin güzgüsü olub. O güzgüyə baxanda çoxları eybəcərliyini görüb – düzəldə bilənlər bu eybəcərlikləri düzəldib, düzəldə bilməyənlər, yaxud istəməyənlər güzgünü qınayıblar, hətta onu sındırmaq istəyiblər. Hazırda ölkəmizdə milli mətbuatımızın ənənələrini yaşadan və daşıyan mətbu orqanlarla yanaşı, dövrün tələbinə uyğun xeyli sayda elektron informasiya vasitəsi (saytlar) var. Təəssüf ki, mətbu orqanların heç də hamısı maarifçilik ideyaları ilə məşğul olmurlar. Əvəzində onlar ictimai rəyə təsir etmək, onu doğru olmayan istiqamətə yönəltməklə çaşdırmaq gücünə qadirdilər. Bu gün 3 nəfər əməkdaşı belə olmayan, yalnız “baş redaktor”dan ibarət şəxs özünü media subyekti hesab edir. Belələri sayt adı altında maskalanaraq daha çox cəmiyyətdə nüfuz sahibi olan insanları, iş adamlarını, müxtəlif vəzifəli şəxsləri şantaj edib, hədə-qorxu gəlib pul qazanmaq, buna nail olmadıqda həmin şəxs(lər) barədə əksər hallarda heç bir fakta söykənməyən yalan, bəzən rüsvayedici məlumatlar yaymaqla məşğuldurlar. İş məhkəmə müstəvisinə çıxmaq üzrə olanda isə yazını rahatlıqla saytdan silirlər. Belələrinin fəaliyyəti başdan-ayağa kriminal elementlərlə dolu olur. Ümumiyyətlə, bəzi media qurumlarının, xəbər portallarının müntəzəm olaraq “feyk xəbərlər”, dezinformasiyalar yayması çağdaş mətbuatımızın ən ağrılı yerlərindən biridir. Məlumdur ki, yalan və çaşdırıcı məlumat yaymaq mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərb sahələrində vaxtaşırı istifadə olunan psixoloji müharibə metodu hesab edilir. Bəzən reytinq toplamaq, oxucu sayı artırmaq üçün məqsədyönlü şəkildə yayılan dezinformasiyanın təsiri düşündüyümzdən daha çox olur. Uzağa getməyək, 2020-ci ilin sentyabrında, Vətən Müharibəsinin gedişatında biz özümüzə qarşı bu dezinformasiya basqısını təkcə Ermənistan deyil, bəzi xarici ölkələrin KİV-ləri tərəfindən də hiss etdik. Lakin düşmən döyüş meydanında olduğu kimi “informasiya savaşı”nda məğlubiyyətə düçar oldu. Bu gün informasiya, kompromat savaşı sosial şəbəkələrin və KİV-in, özəlliklə elektron informasyia vasitələrinin başlıca mövzusuna çevrilib. “Feyk xəbərlər”, dezinformasiyalar bir qədər yumşaq desək, havada uçuşur. Əksər hallarda əhali arasında nüfuzu olan simaların dövlət başçısının hədəfinə gətirmək ssenarisi işə salınır, o şəxslərə qarşı “qara piar”dan istifadə edilir. Bu günlərdə https://dunyaninsesi.az/ saytında “Qazilərə qarşı dələdüluq edən Sənan Məhərrəmova kim “krışalıq” edirmiş – İttiham var” sərlövhəli yazı yerləşdirilmişdi. https://dunyaninsesi.az/g%c9%99nc%c9%99d%c9%99-qazil%c9%99r%c9%99-qarsi-d%c9%99l%c9%99duzluq-ed%c9%99n-s%c9%99nan-m%c9%99h%c9%99rr%c9%99mova-kim-krisaliq-edirmis-ittiham-var/ Qeyd olunan portala istinadən həmin yazını daha bir neçə sayt “Bütün bunlar Niyazi Bayramovun çətiri altında baş verir...” və s. başlıqlar altında paylaşmışlar. Yazıda qeyd olunan faktların dürüstlüyü bir yana, orfoqrafik səhvlərlə dolu, üslub xətasıyla və yetərincə savadsızcasına yazılmış məqalənin saytdakı “ömrü” cəmi 3 gün sürdü. 3 günün tamamında yazı saytdan silindi (?!) Təbii, sayt rəhbərliyinin bu addımı sual doğurmaya bilməzdi. Əcəba, səsləndirilən iddialar doğruydusa, yazı nədən saytdan yığışdırıldı? Çünki qələminə, oxucusuna hörmət edən, yetərincə populyar və nüfuz sahib olan heç bir informasiya vasitəsi bu hərəkəti özünə rəva bilməzdi. Bu yerdə yada məşhur məsəl düşür, deyir, çamur at – yapışmasa da, izi qalsın. Görünür, sayt da bu prinsiplə fəaliyyət göstərib; yəni palçığı atıb, yapışmasa da izinin qalacağına ümid edib. Məlum olduğu kimi, 2022-ci ilin fevralından ölkədə “Media haqqında” qanun qüvvəyə minib. Elə həmin ilin oktyabrından qanunun tələbi əsasında Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) və jurnalistlərin Media Reyestrində qeydiyyatı prosesi başlayıb. Artıq xeyli KİV Media Reyestrində qeydiyyat alınıb. Biz Media Reyestrindən qeydiyyatdan keçən saytlar barədə qısa araşdırma apardıq və haqqında bəhs edilən saytın qeydiyyatdan keçmədiyini öyrəndik (Halbuki Media Reyesteri çox mühüm platformadır. Bu gün jurnalistlərin Media Reyestrinə, yeni “Media haqqında” qanuna, eləcə də Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümidləri böyükdür. Unutmaq olmaz ki, ölkədə ciddi media kirliliyi var. Əksər hallarda mətbuatdan uzaq, özlərini “vətəndaş jurnalistikası”nın nümayəndəsi hesab edənlər hansısa yollarla sayt rəhbəri olur, media adından çıxış edirlər. Reyestrin bütün bunlara son qoyacağına inam böyükdür). Əvəzində saytın rəhbəri haqqında bəzi məlumatları əldə edə bildik. Saytın təsisçisi və baş redaktoru Ərşad İbrahimovdur. Sayta ötəri nəzər yetirəndə də məlum olur ki, burada mütəmadi olaraq Gəncəbasar bölgəsindən, özəlliklə Gəncə şəhərindən çox vaxt faktlara söykənməyən şantaj xarakterli yazılar gedir. Faktların səhihliyi bir yana, çoxlu səhvlərlə müşayiət olunan belə yazılarda bir qayda olaraq yerli-yersiz icra başçılarının adları hallandırılır. Belə saytlarla “əkiz”, “qohum” olan xeyli sayda digər saytlar da mövcuddur. Adları müxtəlif olsa da, mütəmadi olaraq bir-birlərinin yazdıqlarını “copy-paste” edib tirajlayırlar. Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan və məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşan Ə.İbrahimov keçmişdə müxtəlif mətbu orqanlarla əməkdaşlıq edib. 2014-cü ildə Ərşad İbrahimov Kəlbəcər Təhsil Şöbəsinin o zamanki rəhbəri Məhəmməd Bağırov barədə, həmçinin onun guya gənc bir qızın başına gətirdiyi oyunla bağlı videomüraciəti ictimailəşdirmişdi. Bundan sonra M.Bağırov Ə.İbrahimov barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət etmiş və həmin şikayət əsasında İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, 2014-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmişdi. 2014-cü ildə Ə.İbrahimov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi Ə.İbrahimovun cəza müddətini 1 il, 2016-cı ilidə isə Ali Məhkəmə 10 ildən 5 ilədək azaldıb. 2017-ci ildə, həbsinin 3-cü ilində Ə.İbrahimov Azərbaycan Prezidentinə əfv ərizəsi ilə müraciət edərək cəzasının yarısından çox hissəsini çəkdiyini, Qarabag müharibəsi döyüşçüsü və məcburi köçkün olmasını nəzərə alaraq onu əfv etməsini xahiş edib. Ə.İbrahimov cəzasının 3/4-nü çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılıb. Lakin görünən odur ki, azadlığa çıxdıqdan sonra onlayn mediaya üz tutan Ə.İbrahimov fəaliyyətində heç bir dəyişiklik etməyib. Azərbaycan Respublikasının Konstitusiyası təkcə söz, fikir və ifadə azadlığına deyil, digər azadlıq və hüquqlara da təminat verir. Amma özbaşınalığa, dərəbəyliyə yox. Dünyanın heç bir ölkəsində söz, fikir və ifadə azadlığından sui-istifadə hallarını, vergidən yayınmağı, şantaj etməyi, böhtan atmağı, insanların şəxsi həyatlarına müdaxiləni, dövlətin informasiya təhlükəsizliyinə təhdid yaratmağı, ictimai maraqları zərbə altında qoymağı məqbul hesab edən qanun yoxdur. Cəmiyyətin real informasiyadan daha çox sensasiyaya, yalanlara, hay-küyə daha çox inanması bəzi saytların şantaj, təhqir yoluyla hücuma keçmələrinə şərait yaradıb. Belələri adətən öz saytlarında, YouTube kanallarında bir məmuru hədəfə götürüb istəklərinə çatmaq üçün bunu təkrar-təkrar edirlər. Ta ki, hədəfə alınan şəxsi bunlarla dil tapmağa, bazarlıq etməyə razı salanacan. Əslində bəzi saytlar tərəfindən zaman-zaman yüksək vəzifəli məmurlara qarşı informasiya müharibəsi aparan, silsilə şəkildə hazırlanıb yayımlanan materialların yalnız bir məqsədi var: ictimai narazılıq və nifrət oyadaraq, hədəfə alınmış məmurun cəmiyyətdə nüfuzunu azaltmağa nail olmaq. https://dunyaninsesi.az/ saytının ölkənin 2-ci böyük şəhərinin, onun rəhbərinin şəhid ailələri, qazilər və Qarabağ müharibəsi veteranlarının adıyla hansısa “naməlum mənbə”yə “istinad” edib nüfuzdan salmaq cəhdi də bu qəbildəndir. Saytın sıx-sıx adını hallandırdığı Niyazi Bayramov 28 avqust 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu təyinatın özünün Gəncə və gəncəlilər üçün (bəlkə də ölkə üçün) necə bir ziddiyyətli məqama təsadüf etdiyini çoxları, yəqin elə Ərşad İbrahimovun özü də yaxşı xatırlayır. Məhz o qarmaqarışıq, ziddiyyətli günlərdə, eləcə də ondan sonra, 44 günlük Vətən müharibəsi dövründə (o günlərdə ki, qədim Gəncə şəhəri dəfələrlə mənfur ermənilərin raket zərbələrinə məruz qalmışdı) Niyazi Bayramov bir gün olsa belə şəhəri tərk etməmiş, o çətin, ağır günlərdə əsl rəhbər kimi sonadək gəncəlilərlə bir yerdə olmuş və bu gün də bir yerdədir. Sayt rahat yol seçərək bu gün cəmiyyət üçün həssas olan bir təbəqənin – şəhid ailələri, qazilər və müharibə iştirakçılarının adından istifadə edir, şəhərdə narazı qrupun məhz bu kateqoriyadan olan insanların olduğuna diqqət çəkir. Halbuki, Gəncədə hər üç kateqoriyadan olan insanlara göstərilən qayğını görməmək haqsızlıq olardı. Bu insanlar daim diqqətdə saxlanılır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində davamlı olaraq kompleks tədbirlər həyata keçirilir. Şəhid adının əbədiləşdirilməsi, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi, obyekt inşası üçün torpaq sahəsinin ayrılması, işlə təminat və s. bu kimi məsələlərin əksəriyyəti şəhər rəhbərinin tapşırıq və göstərişiylə müsbət şəkildə, həm də çox qısa müddətdə öz həllini tapır. Yeni il öncəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim olunması, bu istiqamətdə işlərin bu gün də davam etdirilməsi bunun bir sübutudur. Ümumiyyətlə, Gəncədə son bir neçə ildə görülən işlər, həyata keçirilən tədbirlər bir yazının mövzusu deyil. Ə.İbrahimovun da bütün bunlardan xəbərsiz olması inandırıcı deyil. Sözsüz, problemlər də var. Ancaq problemlər heç də Ə.İbrahimovun təsisçisi və redaktoru olduğu saytda yerləşdirib və sonradan müəmmalı şəkildə sildiyi yazıda qeyd olunduğu qədər deyil. Şəhərin müəyyən bir küçəsində hansısa nizamsız sürücü avtomobilini səkidə park edibsə dərhal şəklini çəkib “İcra başçısı səkini işbazlara satıb”, yaxud rəhbərlik polis idarəsiylə birgə şəhərin simasına xələl gətirən qanunsuz küçə ticarətiylə bağlı reyd təşkil edəndə “İcra başçısı kasıbın çörəyinə bais olur” tipində haray salmaq jurnalistin peşə etikasıyla bir araya sığmır. Görülən işlərə hər fürsətdə qara yaxmaq cəhdi media qurumuna üzağlığı gətirmir. Hər şeyi öz adıyla çağırmaq, “ağa ağ, qaraya qara” demək insandan böyük hünər tələb edir – bunu heç də hamı bacarmır. Mediada, özəlliklə sosial mediada yayılmış hər bir xəbərin həqiqiliyi mütləq mühakimə edilməlidir. Əgər Ə.İbrahimov düşünürsə ki, informasiya savaşı dezinformasiya, “feyk xəbərlər” yaymaqla aparılır, yanılır. Burdan bir daha ona və onun kimi kompüter arxasında oturub əksər hallarda dəqiqləşdirmədən yazılar paylaşan sayt redaktorlarının nəzərinə çatdırırıq ki, xəbər, yazı hazırlanıb cəmiyyətə ötürülərkən yalnız və yalnız ƏLAHƏZRƏT FAKTA istinad edilməlidir, daha kiminsə dediklərinə, ağızdan-ağıza gəzən şayiələrə deyil. Bu faktlar isə bəzən bir neçə mənbədə öz təsdiqini tapmalıdır. Dəfələrlə rastımıza çıxan “Prezident üzbəüz görüşdüyü nazirə qəzəbləndi”, “Filan icra başçısının sərəncamı imzalanıb, sadəcə ictimaiyyətə açıqlanmır”, yaxud “Nazirin həbsinə hazırlıq gedir” tipli xəyali xəbərlərlə sayt çox qısa müddət üçün özünə auditoriya yığa bilər. Müəyyən zaman kəsiyindən sonra oxucunun həmin media qurumuna olan inamı itir. Cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdləri dövrü artıq keçmişdə qalıb. Çünki sürətli informasiya dövründə yayılmış informasiyanın yalan və ya doğru olduğu az bir müddətdə ortaya çıxır. P.S. Yalanın cəmi 40 gün ömrü var, deyiblər. https://dunyaninsesi.az/ saytının paylaşıb (sonradan sildiyi) yalanın ömrü 3 gün çəkdi. Azər Tağızadə AİA.Az Geri dön |