Ana Sayfa > Özəl / Parlament > Vətən üçün yaşayan Amid
Vətən üçün yaşayan Amid24-05-2023, 13:36. Yazar: sevinc1 |
İkinci Qarabağ müharibəsinin qanlı-qadalı günlərində silaha sarılıb Vətən yolunda canından keçən minlərlə qəhrəmanın cərgəsində şəhid mayor Amid Heydərovun adı iftixarla çəkilir. Şərəfli ölümü ilə gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazanda Lerikli balası ömrünün 32-ci ilini yaşayırdı. Vətənini hər şeydən əziz bilən qəhrəman oktyabrın 3-də Cəbrayıl döyüşlərində şəhid olaraq cismani dünyasında ayrılıb ədəbi yaşamaq üçün milyonların ürəyində özünə yer edir. Dövlət də müharibə meydanında son damla qanına qədər vuruşan şəhid mayor Amid Heydərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verməklə bərabər, həm də onu “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə medallara layiq görüb. Lerik camaatının iftixar mənbəyi, qürur yeri olan Amidin şərəfinə rayonda olduqca layiqli işlər görülübdür. Doğum günü ilə bağlı keçirilən tədbir də adına layiq təşkil olunmuşdu. Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailə üzvlərinin, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətin qatıldığı tədbirdə əvvəlcə şəhidin məzarı və adına olan parkda ucaldılmış büstü ziyarət olundu və əziz xatirəsi ehtiramla yad edildi. Sonra Azərbaycan Respublikası Dövlət Himni oxundu, Vətən naminə döyüşlərdə canını qurban edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Özündən artıq sevdiyi doğma Azərbaycan qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı dillərdə dastana dönən şəhid mayor Amid Heydərovun həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verildi. Çıxışlarda icra hakimiyyətinin başçısı Əkbər Abbasov dedi:- 30 il düşmən əsarətində qalan cənnət məkan Qarabağımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinə həmişə ehtiram göstərilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə yeni şanlı tarix yazıldı. Bu haqq savaşımızda dağlar diyarı Lerikdə dünya göz açan Amid Heydərov da Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı göstərdiyi rəşadətlə bir daha sübut etdi. Vətəni öz canı, qanı basına alınmaz qalaya çevirən Amil kimi oğullar heç vaxt torpağa gömülmür. Onlar Vətən səmasının parlaq Günəşinə dönüb yeni bir müqəddəsliyin sahibi olurlar. Bəli, şəhid Amid Heydərovun əziz xatirəsi bu, millət var olduqca daim qəlblərdə yaşayacaq, həyatı, döyüş yolu qərinələr boyunca gələcək nəsillərə həmişə örnək olacaq. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirən şəhidin atası Rəbbil Heydərov dedi ki, oğlum Vətənin çətin günündə onun yolunda ölməyi özünə şərəf bildi. Onun seçdiyi bu, müqəddəs yol Vətəninə, millətinə baş ucalığı gətirdi. İndi Amid təkcə mənim oğlum yox, bütün Azərbaycanın fəxridir.... Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |