Ana Sayfa > Özəl > Elşad Quluyev: Müstəqilliyin, dövlətçiliyin əsaslarının qoyulduğu tarix
Elşad Quluyev: Müstəqilliyin, dövlətçiliyin əsaslarının qoyulduğu tarix24-05-2023, 11:45. Yazar: sevinc1 |
Xalqımızın çoxəsrlik dövlətçilik tarixində 1918-ci il mayın 28-i tarixinin xüsusi yeri və rolu vardır. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Təəssüflər olsun ki, müstəqilliyə gedən yol heç də hamar olmamış, hələ cümhuriyyət yaranmamışdan əvvəl xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində mifik və bədnam "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə - yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, həmçinin ölkənin bütün vətəndaşlarına bərabər hüquqların, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququnun verilməsi, suveren, demokratik, hüquqi dövlət yaradılması niyyəti bəyan edilmişdi. İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, eyni zamanda vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirmişdi. Ümumiyyətlə, müdrik Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ölkəmiz SSRİ-nin tərkibində olduğu dövrdə də bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmiş, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Ümummilli Lider Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunmasında və qorunub möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Azərbaycan Xalq Cümhuriyyətinin axıra qədər həyata keçirə bilmədiyi işlər onun varisi kimi müstəqil Azərbaycan Respublikası tərəfindən davam etdirildi və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırıldı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu, onun dəsti - xəttini böyük əzmlə, qətiyyətlə, uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı gücləndi, qüdrətli ordu, demokratik dövlət təsisatları yaradıldı, qanunun aliliyi, insan hüquqları, söz və mətbuat azadlığı təmin edildi, vətəndaş cəmiyyəti formalaşdırıldı,Tarixi Zəfər qazanıldı və müstəqillik yolunda ölkəmizin davamlı inkişafına qədəm qoyuldu. Ümumiyyətlə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanımız hər gün yeni - yeni uğurlara, nailiyyətlərə imza atır, necə deyərlər, öz mühüm hədəflərinə nail olur. Elşad Quluyev YAP Qazax rayon təşkilatının fəalı Geri dön |