Ana Sayfa > Gündəm / Özəl > XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndərimizin səyləri sayəsində suverenliyini qoruyub saxlamağı bacardı
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndərimizin səyləri sayəsində suverenliyini qoruyub saxlamağı bacardı23-05-2023, 21:27. Yazar: sevinc1 |
Bu il Azərbaycan xalqı şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 105-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarixin məhz 2023-cü ildə, Heydər Əliyev İlində qeyd olunması isə bu yubileyin önəmini daha da artırır. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edərək şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış AXC xalqımızın şanlı dövlətçilik tarixini müstəsna dərəcədə zənginləşdirmişdir. Lakin bu müstəqillik xalqımıza asan başa gəlməmişdir. Azərbaycan xalqı öz demokratik dövlətini qurana qədər dəhşətli faciələr yaşamalı olmuşdur. Tarixin müxtəlif dövrlərində uydurma “Dənizdən-dənizə Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan mənfur qonşularımız 1918-ci ilin mart-aprel aylarında da bolşevik silahlı dəstələri ilə birgə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, qanlı qətliamlar həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Məhz buna görə, 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçiliyin bərpa olunması və Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması böyük tarixi əhəmiyyət kəsb edən məsələ idi. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Cümhuriyyətin yaradıcılarının fəaliyyətini yüksək qiymətlənsirərək belə demişdir: “Belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.” XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək AXC-nin istiqlalını dünyaya yaydığı 28 May gününü Müstəqillik günü olaraq hər il təntənə ilə qeyd edir. Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Möhtərəm dövlət başçımızın gərgin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan bu gün bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi qəbul edilir. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |