Ana Sayfa > Özəl / Təhsil > Ümumbəşəri bəlaya qarşı mübarizə

Ümumbəşəri bəlaya qarşı mübarizə


23-05-2023, 13:52. Yazar: sevinc1
Ümumbəşəri bəlaya  qarşı mübarizə

Dünyanın ən dəhşətli bəlası sayılan narkomaniyaya meyllik dağlar diyarı Yardımlı rayonunda da təəssüf ki, öz acı nəticələrini göstərir. Bunun qarşısını almaqdan ötrü əhali arasında böyük ehtiram qazanan rayon polisi bütün imkanlardan istifadə edir. Ən çox da ictimaiyyətin qüvvəsinə güvənməklə rayonun təhsil ocaqlarında valideynlərin iştirakı ilə maarifləndirici tədbirlərə üstünlük verilir.
Növbəti belə tədbir rayondakı A. Alyarov adına Horavar kənd tam orta məktəbində baş tutdu. Yardımlı rayon Gənclər və İdman İdarəsinin, rayon Polis Şöbəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı sayəsində keçirilən tədbir "Zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq" adlanırdı.

Tədbirin ilk çıxışçısı Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Tural Quliyev dedi:- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı əsasında təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən ciddi, qətiyyətli işlər görülür. Narkotik vasitələrin insan sağlamlığına, eləcə cəmiyyətə vurduğu zərərlər barədə məktəblilərə geniş məlumat verilir. Həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, onlar arasında kriminal həyat və düşüncə tərzinin, cinayətkar ideyaların formalaşması, gənclərin tütün məmulatları, eləcə spirtli içkilərdən istifadə hallarının qarşısının alınması məqsədilə profilaktik söhbət aparılır.
Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli çıxış edərək rayon gənclərinin gələcəyi naminə gördüyü işlər barədə iştirakçılara məlumat verdilər. Bildirildi ki, indiki vaxtda yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb olunması hallarının qarşısının alınması, gənclərin zərərli vərdişlərdən uzaq durmasını təmin etmək hər bir vicdanlı adamın ən azından vətəndaşlıq borcu olmalıdır. Eyni zamanda natiqlər gənclərin könüllük və sosiallaşma, karyera quruculuğu, şəxsi inkişaf, vətənpərvərlik və dövlətçilik istiqamətində tərbiyə olunmaları barədə ətraflı söz açdılar və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tövsiyələr verdilər.

Məktəbin direktoru Zakir İbrahimov, gənc müəllim Nurlan Hüseynzadə və digərləri keçirilən tədbirin əhəmiyyətini, həmçinin belə tədbirlərin mütəmadi olmasını bildirdilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri dön