Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”


23-05-2023, 09:46. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

“Bütün sahələrdə davamlı olaraq inkişaf edən Azərbaycanın qüdrəti beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyindən daha aydın görünür. Yaxın keçmişə nəzər salsaq, görərik ki, dünyada ard-arda baş verən iqtisadi böhranların ölkəmizə ya təsiri olmayıb, ya da bu böhranlardan ən az fəsadlarla çıxmağı bacarıb. Bu, Azərbaycanın təkcə iqtisadi yox, həm də digər sahələrdə dayanıqlı inkişafını bir daha ortaya qoyur. Təkcə pandemiya dövrünü xatırlamaq kifayətdir ki, bu reallığı dərk edəsən. Eləcə də həmin dövrdə ölkəmiz parlaq Qələbə ilə nəticələnən ağır müharibədən keçdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yalnız inkişaf yolu ilə getdi, heç bir sahədə durğunluq, geriləmə yaşanmadı. Gəlin, hazırda dünyada baş verən prosesləri nəzərdən keçirək və Azərbaycanın bu proseslər fonunda roluna baxaq: ən ağır fazada davam edən Rusiya ilə Ukrayna arasında müharibə dünyada, ən çox da Avropada ağır enerji böhranına yol açıb. Avropa dövlətləri bu böhrandan çıxış yolunu Azərbaycanda görür, ölkəmizin əhəmiyyətini anlayır və əməkdaşlığa üstünlük verirlər. Qeyd etdiyim bütün bu uğurlara dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların, reallaşdırdığı nəhəng layihələrin effektli nəticələri, həmçinin onun müdrik idarəçiliyi, diplomatik bacarığı sayəsində nail olmuşuq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə genişlənən əlaqələrinin, ölkəmizə olan marağın daha bir bariz nümunəsidir: “Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün xüsusi önəm daşıyır, əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan əhəmiyyətlidir. Yeri gəlmişkən, bildirim ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Bu səfər zamanı da Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Əminik ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək”.
“Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forumu bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq. Qeyd edim ki, statistikaya əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub”, - Milli Məclisin deputatı bildirib.
Geri dön