Ana Sayfa > Özəl > Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi

Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi


12-05-2023, 14:05. Yazar: sevinc1
Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi

Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Mari Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
Bütün mənalı ömrünü Azərbaycanın suverenliyinin qorunmasına, dövlətçiliyimizin bərpasına və möhkəmlənməsinə, iqtisadiyyatının yüksəlməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə, doğma xalqının xoşbəxtliyinə, firavanlığına həsr etmiş ulu öndər Heydər Əliyev qeyri-adi idarəetmə qabiliyyəti ilə ölkəmizi inkişaf etmiş dövlətlər cərgəsinə çıxardı. Onun qəti, inamlı addımları, konsepsiyası Azərbaycanı dirçəltdi, iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoydu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin ən böyük arzularından biri torpaqlarımızı işğaldan azad etmək, məcburi köçkünləri doğma yurdlarına qaytarmaq, düşmən təpiyi altında inildəyən Laçını, Kəlbəcəri, Şuşanı və digər ərazilərimizi abadlaşdırmaq idi. Heydər Əliyev bu yolda çox böyük işlər görür, düşmən siyasətini iflic vəziyyətə salırdı. Ancaq yaxşı bilirdi ki, düşmən üzərində qəti qələbəyə nail olmaq üçün xeyli zaman lazımdır. Buna görə də xalqını dərin məhəbbətlə sevən, məcburi köçkünlərin vəziyyətinə ürəkdən yanan ulu öndər onları ağır vəziyyətdən çıxarmaq, yol kənarlarında, çadır şəhərciklərində, yataqxanalarda yaşayan bu zümrəni rahat mənzillərlə təmin etmək üçün heç nə əsirgəmirdi. Dövlətimizin iqtisadiyyatı gücləndikcə imkanları artdıqca məcburi köçkünlər üçün qəsəbələr salınmağa başlandı.
Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. – Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər cənab ölkə rəhbəri İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin-dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti İlham Əliyev vardır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bunu 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və müdrük xalqın qazandığı parlaq gələbə bir daha təsdiq edir. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.

Hüseynli Billurə ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön