Ana Sayfa > Özəl > Azərbaycan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü gördü

Azərbaycan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü gördü


11-05-2023, 20:40. Yazar: sevinc1
Azərbaycan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü gördü

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda dördüncü beynəlxalq konfransda xarici qonaqların suallarını cavablandıran Prezident İlham Əliyev amerikalı rəsmilərlə görüşlərində «907-ci düzəliş» barədə dəfələrlə söz açdığını bildirdi: « Ancaq heç vaxt heç bir cavab almamışam. Çünki Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi.»
Ölkəmizə qarşı illərdən bəri davam edən ikili standartlara baxmayaraq Azərbaycan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü gördü, qətnamələrini ədalətlə icra etdi. Dövlət başçımız onu da vurğulayıb ki, siyasətdə üstün münasibətə heç bir halda haqq qazandırıla bilməz. Erməni lobbisinə istinadlar, müəyyən mənada haqq qazandırmalar və ya üzrxahlıqlar da həddən artıq şişirdilib. «Fransaya da baxın. Vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma «Dağlıq Qarabağ»ı Fransa parlamentinin iki palatası tanıyıb. Ona görə də onların real siyasət adlandırdıqları budur. Bir daha erməni lobbisi tərəfindən hər hansı haqq qazandırma şişirdilib. Hələ də sual olunur? Bu, niyə baş verir? Bizim cavaba ehtiyacımız var. Lakin mən bir daha demək istərdim ki, indi bu cavab əvvəl olduğu qədər mühüm deyil» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, biz Azadlığa Dəstək Aktına 907-ci düzəlişə həssas yanaşırdıq. Bu düzəlişin aradan qaldırılması xahişi ilə Ağ evə, Milli Təhlükəsizlik Şurasına, Senata, Konqresə olunan müraciətləri xatırladan dövlət başçımızın vurğuladığı kimi, siyasi, iqtisadi, hərbi qüdrəti, diplomatik səyləri artan Azərbaycanın artıq bu yardıma ehtiyacı yoxdur. Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunması labüddür. Praqa və Soçi bəyannamələri imzalanıb. «Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək.»
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi gündə Şuşadan Azərbaycan xalqına müraciət edən, ata vəsiyyətinə sadiqliyini «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözlərini qürurla səsləndirən Prezident İlham Əliyev son və qəti mövqeyni bildirdi: «Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.» Bu sözlər «907» kimi onlarla ədalətsiz düzəlişlərdən daha şərəfli və beynəlxalq hüquqa əsaslanan qətiyyətin ifadəsidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön