Ana Sayfa > Özəl > Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir

Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir


11-05-2023, 15:47. Yazar: sevinc1
Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir

Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Ulu Öndər Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Prezident İlham Əliyev 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı edib. Cənab Prezident bildirib ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq, görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. XX əsrin 60-cı illərinin sonundan başlanan Ümummilli Lider Heydər Əliyev  idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Cənab Prezident vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu. Ölkə bacısı növbəti dəfə Şuşada Ermənistana açıq mesaj verdi və bildirdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Prezident cənab İlham Əliyev konfransdakı çıxışında bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər: “Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.
Prezident cənab İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik: “Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir – imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Geri dön