Ana Sayfa > Seçki 2024 > Azərbaycançılıq Ulu öndər Heydər Əliytevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir

Azərbaycançılıq Ulu öndər Heydər Əliytevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir


10-05-2023, 16:34. Yazar: sevinc1
Azərbaycançılıq Ulu öndər Heydər Əliytevin  Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.
Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Elə buna görə də Heydər Əliyev dönə-dönə deyirdi:
“Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir.
Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.
Məhz Sovet dövründə respublika rəhbəri olmaqla bərabər Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq və milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz bu müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik! Hələ 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyası qəbul edilərkən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Ulu öndər Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu. Dövlət dili məsələsinə toxunarkən onu da qeyd edim ki, o zaman ittifaqın tərkibində olan respublikaların əksəriyyətində öz ana dillərinin dövlət dili kimi qəbul olunmasına əhəmiyyət verilmədi. Ulu öndər Heydər Əliyev bu məsələyə ona görə xüsusi əhəmiyyət verdi ki, Onun varlığında gələcək müstəqil Azərbaycan var idi. Ulu öndər hələ Sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə də üstünlük verirdi. Bununla da O, əsl azərbaycanlı-rəhbər obrazını yaratdı. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da O, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu. Sovetlər hakimiyyəti dövründə Heydər Əliyev, həmçinin, sənətdə uğurlar qazanan yaradıcı insanlarımızı, şairləri, yazıçıları, elm adamlarını dövlətin yüksək mükafatları ilə təltif etdirməklə Azərbaycan və azərbaycanlının kim olduğunu göstərdi. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.
Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir, dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Təsadüfən deyilməyib ki, ideologiya Vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları – bayrağımız, gerbimiz, himnimiz, milli valyuta və Konstitusiyamız məhz Azərbaycançılığa əsaslanır.
Ümummilli Lider “milli ideologiya” anlayışının əsaslarını şərh edərkən bildirirdi: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır.Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 52- ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Ulu öndər vətəndaşlıq haqqında deyirdi: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.”
Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır. Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı - ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön