Ana Sayfa > Özəl > Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik məfkurəsinin ən mühüm ideyaları durur
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik məfkurəsinin ən mühüm ideyaları durur8-05-2023, 19:10. Yazar: sevinc1 |
Etiraf olunmalıdır ki, kifayət qədər böyük tarixi ənənələrinin olmasına baxmayaraq azərbaycançılıq ideyası məhz Ulu Öndər Heydər Əliyevin səyləri və gərgin çalışmaları nəticəsində yeni ictimai-siyasi dövrün fəlsəfi ifadəsi kimi formalaşmışdır. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ümummilli Liderimizin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Ümummilli Lider Heydər Əliyevin yeni tarixi dövrdə, 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanırdı. Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün Ulu Öndər öz çıxışında belə demişdir: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.” Ümummilli Lider daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Ulu Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də Ulu Öndərin xidmətləri sırasında mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyev 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı etdiyi çıxışlarından birində demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Ulu Öndərin məhz bu fikirləri mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin təməlində durur. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ulu Öndərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin tarixi əhəmiyyətindən bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev son dərəcə fəal və müstəqil xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və onun əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik məfkurəsinin ən mühüm ideyaları durur. Feyzizadə Emin Sahib oğlu, YAP Tovuz rayon təşkilatının Məsləhətçisi Geri dön |