Ana Sayfa > Özəl > Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi
Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi8-05-2023, 17:14. Yazar: sevinc1 |
Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdur. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci il dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. 1941-ci ilin avqustunda orduya çağırılıb. Mehdi Hüseynzadə Tiflis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib. Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Hüseynzadə Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib. Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə və bir gəmi onun adınadır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən «Uzaq sahillərdə» povestini yazmış və 1957-ci ildə eyni adlı film çəkilmişdir. Kinorejissor Tahir Əliyev Sloveniyada olmuş, Mehdinin sevdiyi qızla və 10 nəfər sloveniyalı döyüş yoldaşı ilə görüşmüş, birlikdə qəhrəmanın məzarını ziyarət etmişlər. Rejissor bu görüşün nəticəsi olaraq «Mixaylo» sənədli filmini çəkmişdir. T.Əliyev Mehdinin azərbaycanlı partizan yoldaşları Cavad Həkiminin, Cabbar Quliyevin, Mirdamət Seyidovun, Mikayıl Qulubəyovun və digərlərinin Sloveniyada ehtiramla xatırlandığını bildirmişdir. Nəzərə çatdıraq ki, onların hamısı dünyalarını dəyişmişlər. 2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmaya əsasən 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılmışdır. Döyüş dostları qeyri-adi rəşadətə, çevikliyə və zəngin biliyə malik olan mərd azərbaycanlı partizanın həyatı, maraqlı döyüş yolu haqqında xatirələrini həmvətənlərinə danışmışlar. M.Hüseynzadə dəfələrlə alman zabiti, italyan karabineri və ya kəndlisi libasında düşmən yuvasına girərək lazım olan məlumatları toplamışdır. O, bir neçə dildə yaxşı danışır, istehkamçı işini əla bilir və avtomaşını ustalıqla idarə edirdi. «Mixaylo» təxəllüsü ilə tanınan Mehdinin şöhrəti artıq bütün partizan birləşmələrinə yayılmışdı. O, səmimi insan, qayğıkeş, mehriban dost olmuşdur. Onun düşmənə endirdiyi zərbələrin sayı-hesabı yox idi. Bütün yoldaşları bu cəsur insanla fəxr edərdi. M.Hüseynzadə keçmiş Yuqoslaviyanın Qabaredo qəsəbəsində yerləşən IX korpusun nəzdində kəşfiyyat komandiri vəzifəsində çalışarkən daha məsuliyyətli və hər an təhlükələrlə üzləşən tapşırıqlar yerinə yetirmişdir. Bu vaxtlar Mixaylo Triyest şəhərindəki faşist hərbi xəstəxanasını partlatmış, Opçinodakı 270 nəfərlik kinoteatrı yerlə-yeksan etmiş, Qoritsiya şəhərində hərbi ləvazimatla dolu bir maşını qaçırmışdı. Mixaylonun adı gələndə bərk qorxuya düşən faşistlər onu hər yerdə cidd-cəhdlə axtarırdılar. Sonuncu döyüşdə axırıncı gülləsini əsir düşməsin deyə, öz ürəyinə sıxmış Mixaylonu partizan yoldaşları böyük ehtiramla dəfn etmişlər. Çepovani adlı bir yerdə qəhrəmanın qəbir daşında bu sözlər həkk olunmuşdur: «Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır». Siranə Zeynalova, Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi, YAP fəalı Geri dön |