Ana Sayfa > Özəl > Heydər Əliyev – Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ad
Heydər Əliyev – Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ad8-05-2023, 17:11. Yazar: sevinc1 |
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilməlidir. Ümummilli Liderimizin dövlətimiz, xalqımız qarşısında olan müstəsna xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Ulu Öndərimizin fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin 1969-1982- ci illəri əhatə edən sovet dönəmi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Möhtərəm dövlət başçımızın Sərəncamında da vurğulandığı kimi, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi rəhbərin həyat amalının təntənəsidir. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa etdiyi müraciətində qarşıdakı dövrlərdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir olacaq ünvanı dəqiqliklə göstərdi. Elə həmin il xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 20 il ərzində Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün cənab Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Cənab Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Kamran Qasımov, YAP Tovuz rayon təşkilatının Məsləhətçisi Geri dön |